
Bakı. Trend:
ƏDV və mənfəət vergisində güzəştlərin əsasən məhsuldarlıq, ixrac
və məşğulluq göstəricilərinə bağlı olması daha faydalı ola
bilər.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili parlamentin bugünkü
plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, güzəşt alan müəssisələrin illik
“performans hesabatı” təqdim etməsi bu güzəştlərin
qiymətləndirilməsində əvəzsiz rol oynaya bilər:
“Nazirlər Kabinetinin daxili istehsalda istifadə edilən 272 adda
xammal və aralıq malların idxalına tətbiq olunan gömrük
rüsumlarının 2024-cü il 1 yanvar tarixindən 7 il müddətinə “0”
dərəcəyə endirilməsi haqqında qərarı ixraca öz müsbət nəticələrini
verməyə başlayıb”.
Deputat vurğulayıb ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət
və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaratması startap
ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə
dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər:
“Bu addım həmçinin Prezident İlham Əliyevin Elmlər
Akademiyasında çıxışı zamanı elm və texnologiyalar üçün müəyyən
etdiyi hədəflərin maliyyə imkanlarının yaradılmasına da xeyli
faydalı ola bilər.
T.Mirkişili qeyd edib ki, hər 3 ildən bir “Güzəşt Effektivliyi
Sənədi”nin tərtib olunması, müəyyən edilmiş səmərəsiz güzəştlərin
mərhələli şəkildə ləğv edilməsi şəffaflığın artırılması və vergi
bazasının genişləndirilməsi baxımından xeyli faydalı ola bilər.

