
“Təssüf hissi ilə bildirmək istəyirəm ki, partiyamızın son qurultayından sonra sıravi üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlmişdir. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər üzvlükdən azad olunmağa dair müraciət etmişdir”.
Modern.az-ın məlumatına görə, bunu Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı bildirib.
O deyib ki, ərizələrin Ədliyyə Nazirliyinə göndərilərək dövlət reyestrində müvafiq qeydlərin aparılması xahiş olunub.
“Ərizələr eyni zamanda partiyanın təşkilat şöbəsinə təqdim olunacaqdır”.
E.Ağamalı AVP-nin rayon (şəhər) təşkilatlarının rəhbərləri və üzvlərinə müraciət edərək, hüquqi mübarizənin davam etdiyini bildirib:
“Yeni yaranmış şərtlərə uyğun olaraq və rayonlarda partiya üzvü olmayan şəxslərin iştirakı ilə yaradılan saxta rayon (şəhər) təşkilatları ilə bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə yaxın günlərdə müvafiq müraciət olunacaqdır. Sizdən təmkin göstərməyi və hüquqi mübarizəmizin yekununu gözləməyi xahiş edirəm. Bütün hallarda yekun qərarı birlikdə verəcəyik”, E.Ağamalı vurğulayıb.
Xatırladaq ki, Ana Vətən Partyiyasında hələ də özünün sədr olduğunu deyən sabiq deputat Fəzail Ağamalı bir neçə gün öncə İdarə Heyətinin qərarı ilə oğlu Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.


