
Bakı. Trend:
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı tərəfdaşlıq orta
güclərin ittifaqına əsaslanan yeni regional inteqrasiya modelini
formalaşdırır.
Bunu Trend-ə
Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin professoru
Uluqbəy Hasanov Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının
keçiriləcək Yeddinci Məşvərət Görüşündən əvvəl əməkdaşlıq
perspektivlərini şərh edərkən bildirib.
“Bu cür əməkdaşlıq təsir dairəsini ayrı-ayrı dövlətlərin
imkanlarından kənara çıxarır və yeni ticarət yolları yaradır,
Rusiya və ya İran vasitəsilə ənənəvi marşrutlardan asılılığı
azaldır. Bu, AB, Çin və regional oyunçular üçün logistika və enerji
təchizatında əlavə imkanlar açır”, – ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın iştirakı ilə keçirilən
Məşvərət Görüşlərinin formatı artıq davamlı regional inteqrasiya
üçün effektiv mexanizmə çevrilib.
“Bu formatın mövcud olduğu illər ərzində region ölkələri
iqtisadi, nəqliyyat, enerji və siyasi əməkdaşlığa dair
əlaqələndirilmiş yanaşmalar inkişaf etdirə biliblər. Bu, etimadı
gücləndirir və regionun dayanıqlığını və rəqabət qabiliyyətini
artırır”, – o bildirib.
O həmçinin qeyd edib ki, bu müttəfiqlik formatı Mərkəzi Asiya
dövlətlərinin Avrasiya geosiyasətində danışıqlar mövqeyini
gücləndirir.
“Bakının iddialı regional mövqeyi ilə Astananın sabit və
balanslı diplomatik profilinin birləşməsi təhlükəsizlik, ticarət və
çoxtərəfli diplomatiyaya yanaşmaların effektiv şəkildə
əlaqələndirilməsinə imkan verir”, – o əlavə edib.
Hasanov qeyd edib ki, Daşkənddə keçiriləcək yeddinci Məşvərət
Görüşü formatın davamlı inteqrasiya üçün bir vasitə kimi
əhəmiyyətini təsdiqləyir.
“Zirvə görüşü sabit, qarşılıqlı əlaqəli və çiçəklənən Mərkəzi
Asiyanın yaradılmasında yeni bir mərhələni qeyd edəcək”, o fikrini
tamamlayıb.

