BMT Baş katibi Kiyevdə Azərbaycanın səfirliyinə raket zərbəsini pisləyib

Baş səhifə

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyevdə
Azərbaycanın səfirliyinin binasının yenidən raket hücumuna məruz
qalmasını kəskin şəkildə pisləyib.

Trend xəbər verir
ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin yaydığı
bəyanatda qeyd olunur.

Bəyanatda bildirilir ki, Rusiya Federasiyasının bu gün
Ukraynanın müxtəlif bölgələrinə endirdiyi genişmiqyaslı raket və
dron zərbələri nəticəsində Kiyevdə ən azı altı, Çornomorsk
şəhərində isə iki nəfər həlak olub. Hücumlar çoxsaylı mülki
xəsarətlərə, eləcə də yaşayış və enerji infrastrukturu ilə yanaşı,
Azərbaycanın Kiyevdəki səfirliyinin binasına ciddi ziyana səbəb
olub.

Sənəddə vurğulanır ki, mülki obyektlərə və əhaliyə qarşı
hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və harada baş
verməsindən asılı olmayaraq, tamamilə qəbuledilməzdir. Baş katib
diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini bir daha
xatırladaraq, hücumların dərhal dayandırılmasına çağırıb.

Quterreş həmçinin Ukraynada ədalətli, hərtərəfli və davamlı
sülhə aparacaq ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəsə
ehtiyac olduğunu vurğulayıb. O, BMT Nizamnaməsinə və beynəlxalq
hüquqa uyğun olaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış
sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə və ərazi
bütövlüyünə dəstəyini bir daha ifadə edib.