
Bakı. Trend:
Son illər ailələrdə doğulan uşaqların sayında azalma müşahidə
olunur. Beynəlxalq təcrübəni öyrənməklə, üç və daha çox uşağı olan
qadınlar üçün müəyyən güzəştlərin edilməsini təklif edirik.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə,
qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə
iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi
haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri xatırladıb ki, Azərbaycanda həm uşaq bağçaları, həm
də təhsil müəssisələrində tibbi xidmət təşkil olunmalıdır:
“Uşaqlara, eləcə də, müəllim və texniki heyətə ilkin yardımı
göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Bəzən
uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu
baxımdan, tibb məntəqələrinin və tibb işçilərinin olmağı olduqca
zəruridir. Ancaq əfsuslar olsun ki, bir çox uşaq bağçalarında və
məktəblərdə tibb işçiləri yoxdur. Bu həm də psixoloji xidmətin
təşkilinə də aiddir. Psixoloji dəstəyə ehtiyacın müəyyən edilməsi
bir sıra ağır nəticələrin qarşısını vaxtında ala bilər”.


