Aliment ödəməli olan kişilərin sayında artım var – Sədr müavini

Baş səhifə

Bakı. Trend:

Ölkədə qəbul olunmuş “Gender bərabərliyi haqqında” və “Məişət
zorakılığı haqqında” qanunların icrası istiqamətində dövlət
proqramları hazırlanıb və tədbirlər həyata keçirilir. Ailə
siyasətinin milli-mənəvi dəyərlərimizə əsaslanaraq
formalaşdırılması da önəmli vəzifələrdəndir.

Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Milli Məclisin Aqrar
siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil
komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı
il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.

Sədr müavini vurğulayıb ki, son illərdə boşanmaların sayının
artması yeni sosial problemlər yaradıb:




“Aliment ödəməli olan ata və kişilərin sayında da artım müşahidə
olunur. Lakin alimentlərin ödənilməməsi, qadınların və uşaqların
rifahına birbaşa təsir edir və bu, artıq iqtisadi zorakılıq kimi
qiymətləndirilə bilər”.

S.Qəhrəmanovanın sözlərinə görə, komitə bu sahədə təhlillər
aparıb və müəyyən edib ki, yerli qurumların – xüsusilə
bələdiyyələrin bu istiqamətdəki işi daha da
təkmilləşdirilməlidir:

“Komitənin son vaxtlar həyata keçirdiyi vacib tədbirlərdən biri
də bələdiyyələrin rolunun artırılması və onların hər biri üzrə risk
qrupuna daxil olan ailələrin müəyyənləşdirilməsi olub. Məişət
zorakılığına məruz qalan ailələrin müəyyənləşdirilməsi, həmin
ailələrlə işləmək və qarşısının alınması üçün qabaqlayıcı
tədbirlərin görülməsi artıq yerli idarəetmə səviyyəsində də
prioritet olmalıdır”.