Azərbaycanda reallaşdırılan “yaşıl enerji” layihələri: Xəzərdən Avropaya uzanan nəhəng enerji dəhlizi formalaşır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan enerji sektorunda yeni inkişaf mərhələsinə qədəm
qoyub. Artıq ölkə təkcə neft və qaz ixracatçısı kimi deyil, həm də
regional “yaşıl enerji” qovşağı kimi tanınmağa doğru irəliləyir. Bu
məqsədlə həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın həm
iqtisadi gücünü, həm də beynəlxalq enerji bazarındakı rolunu
gücləndirir.

Prezident İlham Əliyev bu siyasətin mahiyyətini belə ifadə
edib:

“Bu gün yeni sahələr arasında əsas yerdə bərpaolunan enerji
növlərinin yaradılmasıdır. Burada da Azərbaycan ön sıralardadır. Bu
gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri çox
geniş miqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il
ərzində 30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların
toplam generasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək
elektrik stansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl
rayonunda 100 meqavatlıq iki stansiyanın təməli qoyuldu. O
stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik
stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər günəş, külək
və su elektrik stansiyalarının generasiya gücü 6 min meqavata
çatmalıdır. Bu, böyük bir sənaye sahəsidir, sənayenin inkişafının
növbəti istiqamətidir”.

Energetika Nazirliyinin məlumatına görə, ölkənin ümumi elektrik
enerjisi istehsal gücü hazırda 9732,5 MVt təşkil edir. Bunun 1829,6
MVt-ı bərpa olunan enerji mənbələrinin payına düşür ki, bu da ümumi
gücün təxminən 19 faizidir.

Ötən il ölkədə 28,4 milyard kVt·saat elektrik enerjisi istehsal
edilib. Onun 24,1 milyardı daxili tələbatın ödənilməsinə, 1,4
milyardı ixraca yönəlib, idxal həcmi isə cəmi 70,7 milyon kVt·saat
olub. 2025-ci ilin ilk doqquz ayında isə istehsal 21,8 milyard
kVt·saat, ixrac 989,6 milyon, idxal isə 145 milyon kVt·saat təşkil
edib.

Yeni nəsil “yaşıl
enerji” layihələri – Biləsuvar, Neftçala, Şəfəq və
Cəbrayıl

Bu yaxınlarda ilk panelin quraşdırılması ilə 445 MVt gücündə
“Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisinə start verilib.
943 mindən çox paneldən ibarət olacaq bu stansiya regionun ən böyük
günəş enerjisi layihələrindən biridir. Paralel olaraq 315 MVt-lıq
“Neftçala” Günəş Elektrik Stansiyası, 240 MVt gücündə
“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası və 240 MVt-lıq “Şəfəq”
Günəş Elektrik Stansiyası üzrə işlər ardıcıl davam etdirilir.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin
gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik
stansiyalarının təməlini qoydu. Bu layihə ölkənin yaşıl enerji
strategiyasının mühüm tərkib hissəsi hesab edilir və Cəbrayıl
rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını
qoyur.

Bundan əlavə, ölkədə bərpa olunan enerji mənbələri üzrə ilk
hərrac layihəsi – 100 MVt gücündə “Qobustan” Günəş Elektrik
Stansiyasının tikintisinə başlanması və əlavə 100 MVt-lıq günəş
enerjisi layihəsi üzrə də intensiv işlər görülür. Bu layihələrin
reallaşması nəticəsində 2027-ci ilə qədər bərpa olunan enerjinin
payı quraşdırılmış gücdə 33,7 faiz-ə çatacaq. Yeni stansiyalardan
əldə ediləcək 5 milyard kVt·saat elektrik enerjisi hesabına 1
milyard kubmetrdən çox təbii qaza qənaət və 2,3 milyon tonadək
emissiya azalması təmin ediləcək.

Qlobal kontekst və Azərbaycanın çevik
yanaşması

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) məlumatına
görə, 2024-cü ildə dünyada 582 QVt yeni bərpa olunan enerji gücü
quraşdırılıb. Lakin bu göstərici 2030-cu ilə qədər “yaşıl keçid”
hədəflərinə çatmaq üçün tələb olunan illik artım tempindən geri
qalır. Enerji kəsintiləri, şəbəkə yüklənməsi və saxlama
imkanlarının məhdudluğu bir çox ölkələrdə ciddi çətinlik
yaradır.

Bu baxımdan Azərbaycan bərpa olunan enerjinin inkişafını şəbəkə
və saxlama infrastrukturunun gücləndirilməsi ilə paralel şəkildə
həyata keçirir. 2 QVt-lıq enerji gücünün idarə olunması üçün 250
MVt gücündə və 500 MVt/saat tutuma malik batareya sistemləri
qurulur. Həmçinin Dünya Bankının dəstəyi ilə AZURE layihəsi
çərçivəsində 1 QVt gücündə yeni günəş və külək stansiyalarını
şəbəkəyə bağlayacaq 500/300 kV-luq “Nəvahi” yarımstansiyası və
elektrik xətləri inşa olunur.

Energetika naziri Pərviz Şahbazov vurğulayıb:




“Planlarımız 2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış
gücdə payını 38 faizə yüksəltməkdir. Bu məqsədlə tərəfdaşlarımızla
imzalanmış müqavilələr çərçivəsində quruda və dənizdə əlavə 700 MVt
gücün yaradılmasına da enerji sisteminin inteqrasiya imkanları və
dayanıqlılığının təmin olunması baxımından yanaşırıq”.

Naxçıvan – yeni “Yaşıl
Enerji Zonasına” çevrilir

Bərpa olunan enerjinin inkişafında Naxçıvan Muxtar Respublikası
da mühüm yer tutur. “Yaşıl Enerji Zonası” Konsepsiyası çərçivəsində
2026–2030-cu illər üçün 12 prioritet istiqamət müəyyənləşdirilib.
Naxçıvanda hazırda bərpa olunan enerjinin payı quraşdırılmış gücdə
44 faiz, istehsalda isə 48 faizdir. Yaxın illərdə 50 MVt-lıq günəş
stansiyası, eləcə də Tivi və Ordubad su elektrik stansiyalarının
istifadəyə verilməsi ilə bu göstəricilərin daha da artacağı
gözlənilir.

Eyni zamanda, Naxçıvandan Türkiyəyə elektrik ixracı və şəbəkə
bağlantısının qurulması istiqamətində birgə tədqiqatlar aparılır.
Layihə çərçivəsində “Cəbrayıl–Naxçıvan” (330 kV) və
“Naxçıvan–Türkiyə” (400 kV) enerji xətlərinin, eləcə də çevirici
yarımstansiyanın inşası planlaşdırılır. Bu infrastruktur Zəngəzur
dəhlizi vasitəsilə regionda “yaşıl enerji” nəqlinin yeni
mərhələsini açacaq.

Xəzər dənizi küləyi və beynəlxalq enerji
dəhlizləri

Azərbaycan “yaşıl enerji”nin regional ötürülməsi üzrə bir neçə
beynəlxalq layihəni icra edir. “Caspian Breeze” Konsorsiumu (ACWA
Power, Masdar və SOCAR Green) və Çin şirkətləri ilə əməkdaşlıq
çərçivəsində Xəzər dənizinin külək potensialı reallaşdırılır.
Planlaşdırılan 6 QVt-lıq layihənin 4 QVt hissəsi 2032-ci ildən
etibarən “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə
ixrac olunacaq. Layihə artıq Avropa Elektrik Ötürücü Sistem
Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına daxil
edilməsi üçün təqdim edilib.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında
imzalanan “Transxəzər Enerji Dəhlizi” sazişi sözügedən ölkələrin
elektrik sistemlərinin tarixdə ilk dəfə birləşməsinə imkan
yaradacaq. Layihənin qərargahı Bakıda yerləşən “Yaşıl Dəhliz
Alyansı” adlı Birgə Müəssisə tərəfindən idarə olunur və Asiya
İnkişaf Bankı ilə Asiya İnfrastruktur və İnvestisiya Bankının
maliyyə dəstəyi ilə texniki-iqtisadi əsaslandırma işləri
aparılır.

Hidrogen, geotermal enerji və
səmərəlilik

Azərbaycan həm də hidrogen enerjisi sahəsində milli strateji
baxış sənədini hazırlayır. Bu sənəd “yaşıl hidrogen” istehsalı,
istehlakı və ixracını əhatə edəcək və ölkənin qlobal enerji
trendinə inteqrasiyasını sürətləndirəcək.

Bundan əlavə, ölkənin geotermal enerji potensialı 571,2 MVt,
elektrik enerjisi potensialı isə 57,1 MVt səviyyəsində
qiymətləndirilir. Bu xüsusda Bibiheybət, Kürdəmirdə və Masallıda
geotermal pilot layihələrin həyata keçirilməsi planlaşdırılır.

Enerji keçidinin digər əsas istiqaməti isə enerji
səmərəliliyidir. Bu sahədə “Enerji Effektivliyi İnformasiya
Sistemi” (EEİS) və “Enerji Effektivliyi Fondu” yaradılıb. Müvafiq
qanunvericiliyə əsasən, yaxın illərdə enerji səmərəliliyi üzrə
güzəştli kreditlər, qrantlar və subsidiyalar təqdim ediləcək.

Bir sözlə qeyd edə bilərik ki, Azərbaycanın “yaşıl enerji”
strategiyası artıq təkcə daxili ehtiyacların ödənilməsinə deyil,
həm də Mərkəzi Asiyadan Avropaya qədər uzanan enerji dəhlizlərinin
formalaşmasına xidmət edir. Bu, ölkəni regionun əsas enerji
mərkəzinə çevirəcək və qlobal miqyasda “yaşıl keçid” prosesinə real
töhfə verəcək.