
Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Evində 8 Noyabr – Zəfər Günü münasibətilə xatirə gecəsi
təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan Diasporuna
Dəstək Fondunun və Azərbaycanın Çexiyadakı Səfirliyinin birgə
təşkilatçılığı ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, gecənin
əvvəlində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunması ilə bağlı
çıxışını və xalqımızın sevinc dolu reaksiyasını əks etdirən video
böyük maraqla izlənib.
Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova çıxış
edərək, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı
Zəfərin tarixi əhəmiyyətindən danışıb. O, xalqımızın azadlıq
uğrunda apardığı mübarizənin həm mənəvi, həm də milli dəyər
baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Leyla Begim Cəfərovanın çex dilinə tərcümə olunan “Atla
Gediş” pyesi də səhnələşdirilib. Çex aktyorları Rixard Fiala,
Qabriela Pišna, Vitek Mastalir və Krištof Nohinek canlandırdığı
obrazlarla tamaşaçılarda güclü emosiyalar yaradıb.
Gecədə, həmçinin rəssam Vəfa Aşumovanın Zəfər Günü münasibətilə
hazırladığı “Natəvan” kuklası və rəssam Heyran Mustafazadənin
“Rişələr” adlı sərgisi nümayiş olunub.


