Boyun qalınlığımız sağlamlığımız haqqında nə deyə bilər?

Baş səhifə
Qalın boyun çevrəsi olan qadın fotosu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Boynunuzun ölçüsü normadan daha incə və ya qalındırsa, bu, bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər.

    • Müəllif, Chandan Kumar Jajwade
    • Vəzifə, BBC Hindi
    • Müəllif, Sarah Bell
    • Vəzifə, Qlobal Səhiyyə Komandası, BBC Dünya Xidməti

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Kilonun artdığını adətən bağlanmayan şalvarlardan, dar geyimlərdən və ya böyüyən qarından anlayırıq.

Amma bədənimizdə bir çoxumuzun diqqət etmədiyi başqa bir bölgə var ki, bu da kilo və ümumi sağlamlıq barədə bizə mühüm ipucları verir — boynumuz.

Boyun ölçüsünün normadan incə və ya qalın olması, bəzi mümkün sağlamlıq problemlərinin əlaməti ola bilər.

Boyun qalınlığı nə qədər olmalıdır?

Bədənimizdəki yağ miqdarı adətən Bədən Kütlə İndeksi (BKİ) ilə — yəni çəkinin boyun kvadratına bölünməsi ilə — hesablanır.

Bu, yaxşı bir başlanğıc nöqtəsidir, lakin hər kəs üçün etibarlı göstərici deyil.

Məsələn, bədən quruluşu əzələli olan idmançılarda çəki əzələ kütləsindən qaynaqlandığı üçün BKİ onları artıq çəkili göstərə bilər.

Bu səbəbdən boyun çevrəsini ölçmək, sağlamlıq barədə əlavə məlumat verə bilər.

Delhi ILBS Xəstəxanasının direktoru və Hindistan Milli Tibb Elmləri Akademiyasının prezidenti, doktor Şiv Kumar Sarin belə izah edir:

“Qadınlarda boyun çevrəsi 33–35 santimetr, kişilərdə isə 37–40 santimetr olmalıdır.”

Boyun qalınlığı niyə vacibdir?

Bəzilərimiz, xüsusilə boks və reqbi kimi idmanlarla məşğul olanlar, güclü və qalın boyuna sahib olmaqla fəxr edə bilər.

Lakin idman zalı xaricində bu, sağlamlıq baxımından çox da yaxşı hal deyil.

Hindistandakı DY Tibb Kollecinin professoru Amitav Banerje deyir:

“Bir şəxsin boynu normadan qalındırsa, bu, artıq çəkisinin olduğunu və bədəninin piylənməyə doğru getdiyini göstərir. Bir çox xəstəlik də piylənmə ilə əlaqəlidir.”

Boyun ətrafındakı yağ dərinin altındakı yumşaq piy toxumasından fərqlənir.

Artıq çəkili insanlarda qarın bölgəsində və daxili orqanların ətrafında “gizli yağlanma” olur. Bu yağ passiv deyil, metabolik cəhətdən aktivdir — yəni qan şəkərini, xolesterolu və təzyiqi birbaşa təsirləndirir.

London Kingston Universitetinin biokimya proqramının rəhbəri Dr. Ahmed Elbedivi belə izah edir:

“Boyun, bu yağ yığılmasının müşahidə oluna biləcəyi və bədəndəki ümumi yağ miqdarı barədə ipucu verən bir bölgədir. Nə qədər artıq çəkiniz varsa, boynunuz da o qədər qalındır.”

Hansı problemlərə yol aça bilər?

Boynun normadan qalın olması “metabolik sindrom” əlaməti ola bilər.

Metabolik sindrom — 2-ci tip diabet, ürək-damar xəstəlikləri və digər problemlərin riskini artıran sağlamlıq vəziyyətlərinin ümumi adıdır.

Bunun səbəbi artıq yağ toxumasının asanlıqla qan dövranına qarışmasıdır.

Delhi’dəki Sir Ganga Ram Xəstəxanasının baş məsləhətçisi Dr. Mohsin Vali bildirir:

“Qalın boynu olan insanlarda yüksək xolesterol, qaraciyər piylənməsi, diabet və yüksək təzyiq müşahidə oluna bilər. Buna görə xüsusi tibbi müayinələr aparılmalıdır.”

Boyun qalınlığı həmçinin yuxu apnesi – yəni yuxu zamanı nəfəsin qısa fasilələrlə dayanması kimi ciddi bir pozğunluğa da səbəb ola bilər.

Boynum çox qalındırsa, nə etməliyəm?

Dr. Ahmed Elbedivi deyir ki, “bu cür insanlar narahat olmasınlar. Tarazlaşdırılmış qidalanma və müntəzəm idman həm ümumi sağlamlığı yaxşılaşdıracaq, həm də arıqlamağa kömək edəcək.”

Kardio məşqlər və ağırlıqla işləmək yuxarı bədəndəki piylənməni azalda bilər.

Bundan əlavə, yaxşı yuxu da metabolizmin bərpası və tənzimlənməsi üçün çox vacibdir.

Paxlalılar, meyvə və tərəvəzlə zəngin balanslı qidalanma isə bədənə lazımi qidaları təmin edir, amma artıq kalori qəbulunun qarşısını alır.

Telefon ekranında boynunu yoxlayan qadının şəkli.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Normadan incə görünən boyun da anemiyanın əlaməti ola bilər

Bəs boynum incədirsə?

Boynunuz normadan incədirsə, bu da bəzən sağlamlıq problemlərinə işarə edə bilər.

İncə boyun uzun zamandır fiziki gözəlliklə əlaqələndirilir.

Boynumuza boyunbağılar taxmağımız, diqqəti ora yönəltməyə çalışmağımız da təsadüfi deyil.

Hətta bəzi Afrika ölkələrində qadınların boyunlarını uzun və incə göstərmək üçün halqalar taxdıqlarını yəqin görmüsünüz.

Ancaq bu “müsbət” gözəllik anlayışına baxmayaraq, həkimlər normadan incə boynun anemiya (qanazlığı) əlaməti ola biləcəyini deyirlər.

Həkim Atreya Niharaçandra bildirir:

“Belə insanlara adətən dəmir, vitamin və digər qida əlavələri veririk. Bəzi hallarda isə vəziyyət qan köçürülməsinə qədər gedib çıxa bilər.”

Boynunda çoxsaylı qızıl üzüklər olan orta yaşlı afrikalı qadın.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Afrikanın bəzi bölgələrində boyun halqaları həm də ictimai status göstəricisi kimi taxılır.

İncə boyunlu insanlarda bəzən artıq bir fəqərə də olur.

Normalda boyun fəqərələrinin sayı yeddidir, lakin bəzi insanlarda bu səkkiz ola bilər — bəzi insanlarda beş yerinə altı barmağının olması kimi.

Fəqərələr onurğanı əmələ gətirən sümüklərdir. Onlar onurğa beynimizi və sinirləri qoruyur, eyni zamanda bədən duruşuna dəstək verir.

Bu doğuşdan gələn bir vəziyyətdir və çox vaxt boyun rentgeni zamanı təsadüfən aşkarlanır. Əksər hallarda isə heç bir sağlamlıq probleminə səbəb olmur.

“Bəzi hallarda boyun fəqərələri bir ədəd artıq olduqda – yəni səkkiz fəqərə varsa – bu, əllərdə keyimə və uyuşma kimi problemlərə yol aça bilər”, Dr. Vali qeyd edir.

Boyunda rast gəlinən digər hal – qalxanabənzər vəz şişməsi – guatr – yəni tiroid vəzinin böyüməsi nəticəsində boynun ön hissəsində şişlik və ya düyün əmələ gəlir.

Guatr adətən boynun ön-alt hissəsində yaranır və şişlik bəzən yalnız bir tərəfdə görünə bilər.

Bu hal çox vaxt ağrılı və ya təhlükəli deyil, lakin belə vəziyyətdə həkim müayinəsi mütləq tövsiyə olunur.

Bir daha aynaya baxanda boynunuza bir az daha diqqətlə baxın – ola bilər ki, o, sizə fərqinə varmadığınız bir şeyi deməyə çalışır.