Marneulidə baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

Baş səhifə
Marneulidə baş verən atışma ilə bağlı iki nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi Marneulidə bir neçə gün əvvəl baş verən atışma hadisəsi ilə bağlı iki nəfərin saxlanıldığını açıqlayıb. Onlardan birinə qarşı cinayət işi açılıb.

Nazirliyin Kvemo Kartli, Kaxeti və Mərkəzi Kriminal Polis Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərə qarşı qrup halında hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamları irəli sürülüb.

Eyni iş üzrə noyabrın 7-də sifarişli adam öldürməyə hazırlaşmaqda və qanunsuz silah saxlamaqda ittiham edilən daha bir şəxs barəsində də cəzaçəkmə müəssisəsində ittiham irəli sürüləcək.

İstintaqın məlumatına görə, 2025-ci ilin sentyabrında əvvəllər bir neçə cinayətə görə məhkum edilmiş və hazırda qırmızı axtarışda olan kriminal avtoritet Elmuraz Məmmədov Marneulidə yaşayan iş adamı, 1980-ci il təvəllüdlü N.A.-nı Türkiyəyə 50 min ABŞ dolları köçürməyə məcbur edib.

Pulun ödənilməsindən imtina edildikdən sonra Məmmədov Gürcüstanda yaşayan D.M., E.O. və A.A.-ya 10 min ABŞ dolları müqabilində N.A.-ya məxsus avtomobil ehtiyat hissələri mağazasına atəş açmaq tapşırığı verib. Onlar sifarişi yerinə yetirərək avtomat silahla mağazanın fasadını zədələyiblər.

Polisin məlumatına görə, saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və istintaqla əməkdaşlıq edirlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 25-181 və 236-cı maddələri ilə araşdırma aparılır.

Cinayətlərin sübuta yetirilməsi halında təqsirləndirilən şəxsləri yeddi ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

MƏLUMAT YENİLƏNİR