Çin şirkətləri iqtisadi və infrastruktur sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

Baş səhifə

Bakı. Trend:

Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və Çin
Yol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri
Azərbaycanla iqtisadi və infrastruktur sahələrdə Azərbaycanla
əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.

Trend xəbər verir ki, bu barədə noyabrın 7-də Azərbaycanın
maliyyə nazirinin birinci müavini Anar Kərimovun ölkədə səfərdə
olan Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və Çin
Yol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri ilə görüşü
zamanı məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin avqust ayında Çinə səfəri zamanı keçirilmiş görüşlərdə
əldə olunan razılaşmaların davamı olaraq, iqtisadi və maliyyə
sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsinə
həsr olunub. Qeyd edilib ki, həmin yüksək səviyyəli səfər iki ölkə
arasında iqtisadi-ticarət əlaqələrinin, həmçinin infrastruktur və
investisiya sahəsində tərəfdaşlığın daha da inkişafına mühüm təkan
verib.

A. Kərimov ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, bu
sahədə həyata keçirilən layihələr, o cümlədən “Bakı şəhərində və
ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə
dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata
keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat
verib.




Bildirilib ki, Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsiz
və ekoloji baxımdan səmərəli nəqliyyat sisteminin
formalaşdırılması, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin
artırılması və yol-nəqliyyat şəbəkəsinin daha səmərəli idarə
olunması, regional miqyasda logistika əlaqələrinin şaxələnməsi
hökumətin əsas prioritetləri sırasındadır.

Çin nümayəndə heyəti qeyd olunan layihələrdə iştirak etmək,
eləcə də layihələrin texniki, mühəndislik, tikinti və maliyyə
təminatı sahələrində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı
olduqlarını ifadə ediblər.

Çin İxrac və Kredit Sığorta Korporasiyasının baş direktorunun
müavini Çenq Tao Azərbaycanda son illərdə həyata keçirilən
irimiqyaslı infrastruktur və nəqliyyat layihələrinin təkcə daxili
deyil, həm də regional səviyyədə logistika əlaqələrinin
şaxələnməsinə, beynəlxalq ticarət marşrutlarının rəqabət
qabiliyyətinin artmasına və nəqliyyat axınlarının
optimallaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb. Bu baxımdan
o, Azərbaycan ilə iqtisadi və infrastruktur sahələrində
əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.