
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi 8 noyabr – Zəfər
Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat verib.
Trend
həmin bəyanatı təqdim edir:
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan
Ordusunun 30 ilə yaxın bir müddətdə işğal altında olan
torpaqlarımızı azad edərək qazandığı tarixi Zəfərin beşinci
ildönümünü böyük təntənə ilə qeyd edirik.
Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki,
“Torpaqlarımızın azad olunması, respublikamızın ərazi
bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın gələcək xoşbəxt
günü gəlib çatacaqdır”.
Bu gün biz məhz həmin günləri yaşayırıq. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu
uğurla davam etdirərək tarixi Zəfər qazanıb, Azərbaycanı qüdrətli
dövlətə çevirib.
Bu bir həqiqətdir ki, tarixi Zəfəri şərtləndirən əsas amillərdən
biri də Azərbaycanda Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən
əsası qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilən milli inkişaf strategiyası olmuşdur.
Aparılan İqtisadi islahatlar, idarəetmənin təkmilləşdirilməsi,
vətəndaş məmnunluğuna nail olunması və qanunvericilik bazasının
zənginləşdirilməsi təkmil siyasi sistem və dövlət idarəçilik
mexanizmi formalaşdırmış, əhali rifahı yüksəlmişdir. Eyni zamanda
sosial-iqtisadi inkişafla paralel olaraq milli ruhda sağlam gənc
nəslin yetişdirilməsi başlıca istiqamət kimi götürülmüş, Silahlı
Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və
peşəkarlığının davamlı artırılması güclü müdafiə potensialı
yaratmış, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan
xarici siyasət kursu isə ölkəmizin dünya birliyindəki mövqeyini
möhkəmləndirmişdir. Bütün bunlar da xalqı milli amallar və
məqsədlər naminə birləşdirmiş, Xalq-Lider birliyi təmin edilmiş,
Azərbaycan həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə
böyük Qələbə qazanmışdır.
Münaqişə dövründə Azərbaycan dəfələrlə beynəlxalq hüquq
normaları çərçivəsində məsələnin sülh və danışıqlar yolu ilə
həllinə, işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına
çalışmışdır. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistan növbəti
hərbi əməliyyatlara başlamış, Azərbaycan ordusunun mövqelərinə və
mülki yaşayış sahələrinə hücumlar etmişdir. Buna cavab olaraq
Azərbaycan BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan
istifadə edərək əks-hücum əməliyyatı keçirmiş, 44 gün davam edən
Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilmiş, hərb
tariximizə şanlı səhifələr yazılmışdır.
8 Noyabr – Zəfər Günü uzun illər işğalçılıq, etnik təmizləmə və
soyqırımı siyasətinə məruz qalmış Azərbaycan xalqının əzminin və
milli birliyinin, beynəlxalq hüququn aliliyinin və ədalətin
təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev
Azərbaycanın ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək
regionda yeni geostrateji reallıqlar yaratmışdır. 2023-cü il
sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal antiterror
tədbirləri isə dövlətimizin suverenliyinin onun bütün ərazisində
bərpa olunması ilə nəticələnmişdir. Bununla da cənab İlham Əliyev
ən mühüm missiyaya – Ata vəsiyyətinə əməl etmiş, Ümummilli
Liderimiz Heydər Əliyevin arzularını reallaşdırmışdır.
Tarixi Qələbəmizi təmin edən bir çox faktorlar var. Bunlar
sırasında şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi, malik
olduğumuz güclü ordu və dayanıqlı iqtisadiyyat xüsusi qeyd
olunmalıdır. Lakin bütün bunları özündə cəmləşdirən əsas bir faktor
vardır ki, bu olmadan qələbini təmin etmək mümkün deyildi. Sözsüz
ki, söhbət cənab İlham Əliyev şəxsiyyətindən, Onun Vətəninə və
xalqına bağlılığından, Liderlik məharətindən və qətiyyətindən
gedir. Məhz bu qətiyyət və siyasi iradə Qələbə ilə yanaşı, böyük
Qayıdışın da təməlini qoymuşdur. Hazırda Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları yenidən qurulur.
Azərbaycanın qazandığı tarixi Zəfərin regionda yaratdığı yeni
reallıqlar – davamlı sülh, sabitlik, quruculuq və təhlükəsizlik
beynəlxalq səviyyədə qəbul olunur və dəstəklənir. Dünyanın qüdrətli
dövlətləri və təşkilatları ilə əlaqələr daha da möhkəmlənib. Ölkə
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
beynəlxalq aləmdə etibarlı tərəfdaş və söz sahibidir. Xüsusilə də
2025-ci ilin avqustunda ölkə başçısının Amerika Birləşmiş
Ştatlarına səfəri çərçivəsində Vaşinqtonda Azərbaycan və Ermənistan
arasında Birgə Bəyannamə imzalanması yeni dövrün təhlükəsizlik
komponentinin təsdiqi və sülh istiqamətində ciddi addımdır. Bu
mənada Vaşinqton razılaşması, əslində Azərbaycanın Vətən
müharibəsindən sonra başladığı prosesin – sülh müqaviləsi
ideyasının məntiqi davamı olmaqla yanaşı, həm də ölkəmizin
beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir.
Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin təşəbbüsü ilə reallaşan sülh prosesi və bunun məntiqi
davamı olacaq Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz üçün deyil, həm
də qlobal miqyasda yeni münasibətlər sisteminin prioritetlərini
müəyyənləşdirir. Zəngəzur dəhlizi iqtisadi, nəqliyyat və enerji
əlaqələrinin, yeni kommunikasiya xətlərinin formalaşmasına və
regionun dayanıqlı inkişafına xidmət edəcəkdir. Bu dəhliz həmçinin
“Orta dəhliz” adlandırılan beynəlxalq nəqliyyat marşrutunun əsas
həlqələrindən birinə çevrilərək qitələr arasında daha qısa,
təhlükəsiz və səmərəli logistika xətti formalaşdıracaq, Naxçıvanın
ölkəmizin digər bölgələri ilə birbaşa quru əlaqəsinin bərpası
muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələnin
əsasını qoyacaqdır. Məhz ölkə Prezidentinin diqqət və qayğısı ilə
Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı
islahatlar da gələcək inkişaf perspektivlərinə hədəflənib.
Bütün bu proseslərdə – istər tarixi Zəfərin qazanılmasında,
istərsə də ölkəmizin hərtərəfli tərəqqisində və böyük Qayıdış
strategiyasının reallaşmasında, Qarabağın və Şərqi Zəngəzurun
dirçəldilməsində Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi
qeyd olunmalıdır.
Azərbaycan xalqının çoxəsrlik tarixinin ən şərəfli səhifəsi olan
Zəfər Günü milli birliyimizin simvolu, ən əsası isə qəhrəman
oğullarımızın Vətən və xalq qarşısındakı fədakarlığının
nəticəsidir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Zəfər Gününün tarixi
əhəmiyyətini qeyd edir, əlamətdar tarixi gün ərəfəsində
şəhidlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiramını bildirir,
qazilərimizə şəfa diləyir, Azərbaycan Respublikasının Prezidenti,
müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı
Zəfər Gününün beşinci ildönümü münasibəti ilə təbrik edir, ölkə
Prezidentinin uzaqgörən daxili və xarici siyasətini bundan sonra da
daim dəstəkləyəcəyini bəyan edir!”.

