
Bakı. Trend:
Yunanıstan–Bolqarıstan interkonnektorunu (IGB) idarə edən ICGB
müstəqil qaz nəqli sistemi operatoru Ukraynanı dəstəkləməyə
yönəlmiş iki yeni marşrut məhsulunun istismara verilməsi ilə bağlı
sazişi imzalayan regional tərəfdaşlara qoşulub.
Trend bu barədə
IGB-ə istinadən xəbər verir.
“Məqsəd həmçinin Şaquli Qaz Dəhlizinin inkişafında mühüm bir
addımı təmsil edir. Qaz nəqli sistemi operatorları (TSO)
Cənub-Şərqi və Şərqi Avropa regionlarının enerji təhlükəsizliyini,
əlaqəliliyini və bazar inteqrasiyasını gücləndirməyə yönəlmiş Route
2 və Route 3 marşrutlarının yaradılması barədə razılığa gəliblər.
Qərar Afinada keçirilən “Transatlantik Enerji Əməkdaşlığı üzrə
Tərəfdaşlıq” (P-TEC) konfransı çərçivəsində imzalanıb. Yeni paket
məhsulları isə təsdiqlənməsi üçün milli enerji tənzimləyicilərinə
təqdim ediləcək”, – şirkətin açıqlamasında qeyd olunub.
Bildirilib ki, “Route 2” və “Route 3” marşrutları
Aleksandrupolisdəki LNG terminalından və Transadriatik qaz
kəmərindən (TAP) çıxan təbii qazın Yunanıstan–Bolqarıstan
interkonnektoru (IGB) vasitəsilə Trans-Balkan qaz kəməri ilə
Rumıniya və Moldova üzərindən Ukraynaya nəqlini nəzərdə tutur.
Cənubi Avropadakı giriş nöqtələrini Şərq bazarları ilə
birləşdirən bu marşrutlar IGB-ni şimala istiqamətlənmiş
mayeləşdirilmiş təbii qaz və Xəzər qazının nəqli üçün əsas ox
halına gətirir, regionun enerji dayanıqlığını gücləndirir. Bu,
Avropa İttifaqının Rusiya qazından mərhələli imtina siyasətinə
uyğun olaraq, ABŞ və digər istehsalçı ölkələrdən mayeləşdirilmiş
təbii qaz tədarükü üçün vacib alternativ mənbə və marşrutlar təmin
edəcək.
“Route 2” və “Route 3” marşrutlarının yaradılması, ilin
əvvəlində uğurla istifadəyə verilmiş “Route 1” marşrutunu
tamamlayır və bölgə üzrə qaz təchizatının dayanıqlığını əhəmiyyətli
dərəcədə artıracağı gözlənilir. Qazın nəqli üçün birləşdirilmiş
hərrac platforması (RBP) vasitəsilə bir neçə rəqabətli ötürmə
məhsulu təklif edən təşəbbüs, mürəkkəb şəraitdə belə qaz nəqlinin
çevikliyini və fasiləsizliyini təmin edir”, – ICGB-dən
bildirilib.
Operatorlar tənzimləyicilərə göndərdikləri birgə məktubda “Route
2” və “Route” 3 marşrutlarının 2025-ci ilin dekabrından 2026-cı
ilin aprel ayınadək əlçatan olmasını, onların fəaliyyət müddətinin
“Route 1” ilə sinxronlaşdırılmasını təklif ediblər. Bu dövr
operatorlara, tənzimləyicilərə və bazar iştirakçılarına yeni
marşrutların səmərəliliyini praktikada qiymətləndirmək və onların
effektivliyini, bazar dəyərini artırmaq üçün zəruri düzəlişlər
aparmaq imkanı yaradacaq.


