
Bakı.Trend:
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert
barəsində cinayət işi məhkəməyə göndərilib.
Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin
sabiq aparıcı eksperti Rüfət Sultanovun qanunsuz əməllərinə dair
həmin qurumdan daxil olmuş material üzrə Baş Prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin
istintaqı tamamlanıb.
İbtidai istintaqla Rüfət Sultanovun qeyd olunan vəzifədə
işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət
əlaqəsinə girərək daxili işlər orqanlarında istintaqı aparılan
cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası
qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq
rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul
vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan
hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad
Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul
vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr
müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Sultanova Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət
alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin
178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5,
311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə
ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan
tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

