
Bakı.Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Dəmiryolu və avtomobil yollarının tunelləri. Layihələndirmə
normaları”nı təsdiqləyib.
Trend xəbər
verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar
imzalayıb.
Qərara əsasən, bu normalar rels izi 1520 mm olan ümumi şəbəkə
dəmir yollarında və bütün dərəcəli ümumi istifadədə olan avtomobil
yollarında yeni tikilən və yenidən qurulan tunellərin
layihələndirilməsinə və tikintisinə şamil olunur.
Bundan başqa, normalar dəmir yolunun yüksək sürətli (200
km/saatdan artıq) sərnişin daşımaları xətləri, eləcə də sürətli
avtomagistrallar (hesablama hərəkət sürəti 150 km/saatdan artıq)
üzərində inşa olunan tunellərə və şəhər nəqliyyatı tunellərinə
şamil olunmur.
Tunellər onların bütün istismar müddəti ərzində nəqliyyat
vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini, inşaat
konstruksiyalarının və daimi qurğuların qənaətli və çox zəhmət
tələb etmədən saxlanmasını, xidmət personalının sağlamlığını və
təhlükəsiz əmək şəraitini, həmçinin ətraf mühitin mühafizəsini
təmin etməli, eləcə də “Avtomobil
yolları haqqında”, “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Yerin
təki haqqında”, “Texniki
təhlükəsizlik haqqında” və “Atmosfer
havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının
qanunlarının tələblərinə cavab verməlidir.
Tunellərin tektonik qırılma zonalarında, sürüşmə sahələrində,
intensiv su yığılması olan yerlərdə (geniş dərələrdə, suayrıcların
ensiz keçid yerlərində və s.), karst təhlükəli ərazilərdə, tunelin
portallarının (girişlərinin) və portalətrafı sahələrinin isə qar
uçqunlarının, sel axınlarının və daşqopmaların mümkün olduğu
yerlərdə yerləşdirilməsinə yol verilməməlidir.
Qəbul olunan texniki həllər, konstruksiya və materiallar tunel
geyimlərinin istismar müddətinin 100 ildən az olmamasını təmin
etməlidir. Daimi qurğuların inşaat konstruksiyalarının
təmirlərarası müddəti azı 50 il təşkil etməlidir.
Yeraltı hissələrdə yerləşən tunellər, mədən dəhlizləri və digər
tunelyanı qurğular, küləyədavamlı sərt qaya qruntlarında yerləşən
tunelyanı qurğular istisna olunmaqla daimi tunel geyiminə malik
olmalıdırlar.
Yuxarı səthə çıxışı olan tunel və mədən dəhlizlərinə girişlər
möhkəmləndirilməli və portallar, rampalar şəklində yerinə
yetirilməlidir.
Təhlükəli geoloji proseslər zonasında (sürüşmə, uçqun, sel
axınları, qar uçqunları və s.) zəruri mühafizə qurğuları olmalı və
yaxud qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərə
uyğun olaraq tunelin portallarının və portalyanı sahələrinin tələb
olunan mühafizəsini təmin edən tədbirlər nəzərdə tutulmalıdır.
Tunellərin kameraları və divar oyuqları olmalıdır. Kameralar
tunelin hər iki tərəfində 300 m-dən artıq olmamaqla şahmat
qaydasında yerləşdirilərək qurulmalıdır. Tunelin uzunluğu 300 m-dən
500 m-dək olduqda tunelin ortasında bir kameranın olması, uzunluq
500 m-dən 700 m-dək olduqda isə – iki tərəfdə aralarında, həmçinin
onlarla portallar arasında bərabər məsafə olan iki kameranın olması
zəruridir.
Divar oyuqları kameralar arasında 60 m-dən bir tunelin hər iki
tərəfində yerləşdirilməlidir.
Avtomobil yolları tunellərində kameralar nəzərdə tutulmur.
Tunel tipli yol ötürücülərində kamera və oyuqlar nəzərdə
tutulmur.


