Kiberpolisdən növbəti əməliyyat: sosial şəbkələrdə qanunsuz qumar oyunlarını reklam edən şəxslər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Kiberpolis qanunsuz qumar oyunlarını sosial şəbkələrdə reklam
edən şəxslərə qarşı tədbir keçirib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Agentliyinin Haqsız Rəqabət və Reklam Qanunvericiliyinə Nəzarət
Şöbəsinin əməkdaşları ilə birgə ölkə ərazisində qadağan olunan
onlayn qumar oyunlarının “Instagram”, “TikTok” və digər sosial
şəbəkə platformalarında yüksək izləyici sayına malik hesablarda
reklam olunmasına qarşı əməliyyat-texniki tədbirlər keçirib.




Araşdırmalar zamanı influenserlər, yəni sosial mediada aktiv
olan bir sıra şəxslər tərəfindən qanunsuz qumar və mərc oyunlarının
reklamının həyata keçirildiyi, həmin hesabların təbliğinə yönələn
kontentlərin yayımlandığı aşkarlanıb. Bununla əlaqədar qanunsuz
qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər
kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirilib. Həmin
şəxslər barəsində qanunauyğun tədbir görülüb. Qeyd edilən əməllərə
yol verən digər şəxslərin də aşkar olunması istiqamətində
araşdırmalar davam etdirilir.

Bir daha sosial şəbəkə istifadəçilərini, bu platformalardan
aktiv olan şəxslərə xəbərdarlıq edərək bildiririk ki, qeyri-qanuni
qumar və mərc oyunlarının yayımını stimullaşdırmaq, eləcə də reklam
etmək qanun pozuntusu hesab edilir. Bu əmələ yol verən şəxslər
barəsində müvafiq qanunvericiliyə uyğun ciddi məsuliyyət tədbirləri
nəzərdə tutulur.