
Bakı. Trend:
Azərbaycan Televiziyası və Radiosu Günü hər il 6 noyabrda qeyd
olunur.
Trend
xəbər verir ki, 1926-cı il 6 noyabr tarixində Bakı şəhərində
radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio
proqramı efirdə yayımlandı.
Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq
televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.
Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi
Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk
dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 proqramı efirə
çıxıb.
1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya
vasitəsilə respublika stadionundan canlı yayım həyata
keçirilib.
1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV
stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və
studiya qurulub.
1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM)
TV yayıma keçid baş tutub.
1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı
Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.
Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım
stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13
ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.
2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası
qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb.
Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV-də proqram
sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək
imkanı yaradılır.
Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də
“İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata
keçirilib.
Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində
tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa
çatdırılıb.
Televiziya və radio bu gün də cəmiyyətin informasiya
təminatında, milli ideologiyanın formalaşdırılmasında və ictimai
rəyin yaradılmasında mühüm vasitə olaraq qalır. Bu sahədə çalışan
jurnalistlər, texniki heyət və bütün əməkdaşlar daim informasiyanın
operativ və dürüst şəkildə çatdırılması üçün məsuliyyətli fəaliyyət
göstərirlər.
Bu əlamətdar gün münasibətilə televiziya və radio sahəsində
çalışan bütün media əməkdaşlarını təbrik edir, onlara yaradıcılıq
uğurları və peşəkar fəaliyyətlərində müvəffəqiyyətlər
arzulayırıq.

