271 nömrəli məktəb sosial mediada yayılan görüntülərlə bağlı açıqlama yaydı

Baş səhifə

Bakı. Trend:

Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar
qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq
səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş
verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq 271 nömrəli tam orta
ümumtəhsil məktəbindən məlumat verilib.

Bildirilib ki, bu barədə şagirdlər müəllim və məktəb
rəhbərliyinə heç bir məlumat verməyib.

“Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb
rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan
şagird heç bir xəsarət almayıb.

Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət
olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının
davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə
əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib.




Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici
tədbirlərə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin
nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl
olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan
hallara qarşı maarifləndirmə işi genişləndirilib.

Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb,
araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları
tərəfindən müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, sosial mediada sözügedən məktəbdə şagirdin digər
uşaqları döyüb, sonra həmin görüntüləri öz sosial media hesabında
paylaşdığını əks etdirən görüntülər yayılıb.