İsmayıllıda “Zubrları təbiətimizə qaytaraq!” adlı düşərgə keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

27-29 oktyabr tarixlərində İsmayıllı rayonunda Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycanda
zubrların reintroduksiyası” proqramı üzrə “Zubrları təbiətimizə
qaytaraq!” adlı növbəti düşərgə təşkil olunub.

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu,
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi
və Elm və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf
Mərkəzi tərəfindən keçirilən düşərgəyə İsmayıllı rayonundan
ümumilikdə 52 məktəbli qoşulub.

“Zubrları təbiətimizə qaytaraq!” düşərgəsinin əsas məqsədi
təbiətimizə qaytarılması nəzərdə tutulan zubrların qorunmasının
vacibliyi haqqında gənclərin məlumatlandırılması, ətraf mühitin
qorunması sahəsində onlarda xüsusi bilik və bacarıqların, təbiətə
qayğıkeş və məsuliyyətli münasibətin formalaşdırılmasıdır.




Qeyd edək ki, Avropa zubrlarının Azərbaycan təbiətinə
reintroduksiyası ilə bağlı proqram çərçivəsində IDEA İctimai
Birliyi öz layihə tərəfdaşları Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi ilə birgə geniş
mühafizə və maarifləndirmə tədbirləri keçirir. 2012-ci ilin
sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə
reintroduksiya edilməsi istiqamətində intensiv işlər aparılır. Belə
ki, 2015-ci ildə Şahdağ Milli Parkının İsmayıllı rayonunun inzibati
ərazisinə aid olan hissəsində 305 hektar sahə ayrılıb, orada
onların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa
edilib.

2019–2024-cü illər ərzində ölkəmizə Fransa, Belçika və Almaniya
zooparklarından ümumilikdə 46 baş zubr gətirilib. Hazırda parkda
zubrların populyasiyası 68 başa çatıb.