
Bakı. Trend:
Yağıntılı havalarda yola çıxmazdan əvvəl avtomobilin sazlığını
yoxlayın.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilib.
Bildirilib ki, yağıntılı hava şəraitində texniki nasaz nəqliyyat
vasitəsi ilə hərəkət etmək paytaxt yollarında hərəkət
intensivliyinə təsir göstərir. Belə havada nasaz avtomobillərin
yolda qalması süni sıxlıqların yaranmasına gətirib çıxarır.
Nəticədə də digər nəqliyyat vasitələrinin hərəkətində çətinlik
yaranır, eyni zamanda qəza riski artır.
Mərkəz sürücülərə yola çıxmazdan əvvəl avtomobillərinin texniki
vəziyyətini yoxlamalarını tövsiyə edir. Xüsusilə, təkərlərin
vəziyyəti, əyləc sistemi, şüşə silənlərin işlək olması, həmçinin
işıq sisteminin düzgün işləməsi önəmlidir.
Yağıntılı havalarda sürücülərin ehtiyatlı davranması, sürət
həddinə və məsafəyə riayət etməsi, eləcə də nasazlıq baş verdikdə
avtomobili yolun kənarına çəkməsi vacibdir. Bu, həm onların, həm də
digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün mühüm əhəmiyyət
daşıyır.


