
Bakı. Trend:
“Rockstar Games” şirkəti Böyük Britaniya və Kanada ofislərində
çalışan təxminən 40 əməkdaşını işdən azad edib. Bildirilir ki,
işdən çıxarılanların hamısı şirkətin qapalı “Discord” qrupunun
üzvləri olub.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Böyük Britaniyanın Müstəqil İşçiləri Təşkilatının (IWGB)
məlumatına görə, bəzi əməkdaşlar şirkət daxilində həmkarlar
ittifaqı yaratmağa cəhd göstəriblər. “IWGB” kütləvi işdən
çıxarılmanı “Britaniya oyun sənayesi tarixində həmkarlar
ittifaqının ən sərt şəkildə sıxışdırılması” kimi dəyərləndirib.
Təşkilatın bəyanatında qeyd olunub: “Rockstar həmkarlar ittifaqı
fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətə dəstək verən 30-dan çox
işçini ədalətsiz şəkildə işdən çıxarıb. Biz geri çəkilməyəcəyik və
onların hamısının işinə bərpa olunmasını tələb edirik”.
“Bloomberg” yazır ki, şirkət hazırda gələn ilin may ayında
buraxılması planlaşdırılan “GTA 6” oyununun təqdimatına
hazırlaşarkən ciddi daxili təzyiqlərlə üzləşir.

