ARDNF və BƏƏ-nin aparıcı şirkətləri investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər

Baş səhifə

Bakı. Trend:

Oktyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun
(ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi
nümayəndə heyətinin Əbu-Dabiyə işgüzar səfəri çərçivəsində
Birləşmiş Ərəb Əmirliklərinin aparıcı investisiya qurumları ilə bir
sıra görüşləri keçirilib.

Trend bu barədə
ARDNF-yə istinadən xəbər verir.

Görüşlərin əsas məqsədi beynəlxalq tərəfdaşlarla əlaqələrin
genişləndirilməsi, qarşılıqlı maraq doğuran investisiya sahələrində
əməkdaşlıq imkanlarının müzakirəsi və gələcək birgə təşəbbüslərin
perspektivlərinin nəzərdən keçirilməsi olub.




Mubadala İnvestisiya Şirkətində keçirilən görüş zamanı İsrafil
Məmmədov şirkətin Baş dayanıqlılıq və risklərin idarəedilməsi üzrə
direktoru Əhməd Əl Calili ilə görüşüb. Görüşdə dayanıqlı
investisiyalar sahəsində əməkdaşlığın inkişafı, təcrübə və bilik
mübadiləsinin təşviqi, eləcə də potensial birgə layihələrin həyata
keçirilməsi imkanları müzakirə olunub.

“Lunate” şirkətinin Baş partnyoru Xalifa Əl Suveydi ilə
keçirilən görüşdə isə investisiya portfellərinin idarəedilməsi
təcrübəsi, alternativ aktivlərə yönəlmiş investisiya yanaşmaları və
uzunmüddətli tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi
aparılıb.

Görüşlər ARDNF ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı
investisiya qurumları arasında qarşılıqlı etimada əsaslanan
əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və gələcək tərəfdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət
kəsb edib.