Hərbi qulluqçuların pensiya qaydaları yeni qərarla sadələşdirildi

Baş səhifə

Bakı. Trend:

Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda
təkmilləşdirmə aparılıb.

Trend xəbər verir ki, bu
barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat
yayıb.

Bildirilir ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi
qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan
xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid
normativ aktda birləşdirilib.




Belə ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminat
xərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdim
olunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəli
işlər müxtəlif qaydalar əsasında aparılırdı.

Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirmə
işləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahid
normativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş “Hərbi xidmət
müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə
məlumatların təqdim olunması Qaydaları” əsasında aparılacaq.

Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdə
texniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.