Türk dövlətləri arasında ticarət həcminin daha da artırılmasına ehtiyac var – Halit Kanak

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı yaradıldıqdan sonra ticarət həcmi
artmağa başladı və 2024-cü ildə 53 milyard dollar səviyyəsinə
çatdı. Bu ciddi bir artımdır, amma kifayət deyil.

Trend xəbər
verir ki, bunu Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin
sədri Halit Kanak bu gün Bakıda keçirilən Avrasiya Françayzinq
Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, on il öncə türk dövlətləri arasında aparılan
ticarət həcmi isə təxminən 10 milyard dollar idi:

“Biz müstəqil türk dövlətləri olaraq düşünürük ki, 180 milyonluq
əhalimizlə yanaşı, Rusiya, Çin, Əfqanıstan, Pakistan, İran, Balkan
ölkələri, Orta Şərq, Şərqi Avropa, Şimali Afrika, Cənubi və
Cənub-Şərqi Asiya kimi regionlarda yaşayan soydaşlarımızla birlikdə
350 milyon əhalinin daxil olacağı daxili ticarətimiz ən azı 400
milyard dollar olmalıdır. Biz bu hədəflərə çatmaq üçün imkanın
mövcud olduğunu hesab edirik.

Məsələn, 2024-cü ildə Türk Dövlətləri Təşkilatı ölkələrinin
xaricdən həyata keçirdiyi ümumi idxal belədir; Azərbaycan – 21
milyard dollar, Özbəkistan – 56 milyard dollar, Qazaxıstan – 60
milyard dollar, Qırğızıstan – 12 milyard dollar, Türkiyə – 344
milyard dollar, Türkmənistan – 4 milyard dollar, Macarıstan -152
milyard dollar, Şimali Kipr Türk Respublikası – 2,8 milyard
dollar”.

H. Kanakın sözlərinə görə, bu ölkələrin ümumi idxalı 656 milyard
dollar təşkil edir:




“Lakin bu ticarətin yalnız 53 milyard dolları türk dövlətləri
arasında aparılıb. Bu isə çox aşağı bir göstəricidir və
qəbuledilməzdir. Buna görə ticarət həcmini artırmaq üçün ilk
növbədə birliyimizi gücləndirməliyik. Sosial, siyasi, mədəni və ən
önəmlisi iqtisadi birliyi möhkəm təmellərə oturtmalıyıq.

Biz bir-birimizdən məhsul alma mədəniyyətini inkişaf
etdirməliyik. İqtisadi birliyi təmin etmək üçün sənayeləşməni,
istehsalı və ticarəti artırmalıyıq. Qardaş ölkələrimizdəki,
Türkiyədəki iş adamlarına, sənayeçilərə müraciət edərək
deyirik:

“Ehtiyacınız olan məhsulları əvvəlcə türk coğrafiyasındakı
şirkətlərdən alın, əgər tapa bilməsəniz, digər ölkələrə müraciət
edə bilərsiniz, amma öncə bizə müraciət edin”.

H. Kanak qeyd edib ki, bu yanaşma daxili ticarət həcmini
artıracaq və Türk dünyasının hər küncündə əməkdaşlığı
gücləndirəcək: “Bunun üçün ticarət forumları, iqtisadi konqreslər
və digər tədbirlər təşkil edilməlidir. Artıq bir çox təşkilat
fəaliyyət göstərir, məsələn, Türkiyədə DEİK və Dünya İqtisadi İş
Şurası kimi qurumlar mövcuddur. Eyni zamanda digər türk
dövlətlərində də müvafiq təşkilatlar və sivil cəmiyyət qurumları
fəaliyyət göstərir.

Bütün bu təşəbbüslərin məqsədi ortaq ticarəti artırmaq, iqtisadi
inkişafı sürətləndirmək və türk dövlətlərini bir-birinə daha da
yaxınlaşdırmaqdır”.