Səhiyyə naziri ÜST-nin Daimi Komitəsinə üzv seçilib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Danimarkanın paytaxtı Kopenhagen şəhərində Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 75-ci sessiyası
keçirilir.

Trend xəbər
verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə
orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri,
beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmilər iştirak
edirlər. Azərbaycan Respublikası tədbirdə səhiyyə naziri Teymur
Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirin açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru
Tedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd
edərək, Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması
istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib.
Öz növbəsində ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri
Klüge beynəlxalq qurumun ötən sessiyadan indiyədək gördüyü işlərə
dair məlumat verib.

Ardınca ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının
gündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyi ÜST-nin
növbəti beşillik “Avropa İş Proqramı 2026–2030”, idarəetmə
orqanlarına seçkilər və strateji səhiyyə təşəbbüslərinin təsdiqi
kimi mühüm məsələləri əhatə edir.
Daha sonra Regional Komitənin üzv dövlətlərinin səhiyyə nazirləri
və digər rəsmilər çıxış ediblər.
Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri,
səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Səhiyyə Nazirliyi
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun gələcəyin
sağlamlıq sistemini formalaşdırmaq məqsədilə təşəbbüslərini və üzv
dövlətlərin milli səhiyyə sistemlərininin transformasiyasının
dəstəklədiyini yüksək qiymətləndirir: “Avropa İş Proqramında
müəyyən edilmiş üç əsas prioritet Azərbaycanın milli səhiyyə
sisteminin gələcək istiqamətləri ilə uyğundur”.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda
son illər milli səhiyyə sisteminin gücləndirilməsi, insan
kapitalının inkişafı və səhiyyənin rəqəmsallaşdırılması
istiqamətində mühüm işlərin görüldüyü diqqətə çatdırılıb:
“Vətəndaşların sağlamlıq və sosial rifahının yüksəldilməsi
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasinin
əsas prioritetlərindən biri kimi müəyyən edilib. Vətəndaşların
uzunömürlülüyünün artmasını nəzərə alaraq, sağlamlıq prioritet
məsələ olaraq qalmalıdır”.

Müasir zamanda süni intellektin, iri həcmli məlumatların və
rəqəmsal həllərin səhiyyə xidmətlərinin inkişafında mühüm rol
oynadığını bildirən Teymur Musayev deyib: “Bu texnologiyaların
potensialını tam şəkildə istifadə etmək üçün süni intellektin
qanunvericilik çərçivələrinə daxil edilməsi, onun məsuliyyətli və
etik istifadəsi vacib məsələdir. Bununla belə, rəqəmsal alətlər
insan əməyini əvəz etməməli, əksinə fəaliyyətlərdə tamamlayıcı rol
oynamalıdır”.




Tədbirdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev 2025–2028-ci
illər üçün ÜST-nin Avropa üzrə Regional Komitəsinin Daimi
Komitəsinə (SCRC) üzv seçilib.

Azərbaycan nümayəndəsinin Komitəyə üzv seçilməsi ölkəmizin
beynəlxalq səhiyyə siyasətində rolunun daha da güclənməsinə və
ÜST-nin Avropa regionunda qəbul edilən qərarların formalaşmasında
iştirakının təmin olunmasına şərait yaradacaq.

Həmçinin, ÜST-nin Avropa Regional Komitəsinin 75-ci sessiyası
çərçivəsində Azərbaycanın səhiyyə naziri bir sıra ikitərəfli
görüşlər keçirib. İlk olaraq Teymur Musayevin ÜST-nin Avropa üzrə
regional direktoru Hans Henri Klüge ilə görüşü baş tutub. Görüş
zamanı nüfuzlu səhiyyə qurumları, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatı ilə yüksək səviyyəli əlaqələrin mövcudluğu xüsusi
vurğulanıb.

İslandiyanın sabiq Baş naziri, ÜST-nin Pan-Avropa Səhiyyə və
İqlim Komissiyasının sədri xanım Katrin Yakobsdottir ilə görüşdə
ötən il COP29 kimi mötəbər tədbirin Azərbaycanda ən yüksək
səviyyədə təşkil edildiyi bildirilib. Eyni zamanda, COP29 zamanı
iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyi yüksək
qiymətləndirilib.

Oktyabrın 30-u yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif
mövzular ətrafında müzakirələrlə davam edəcək.