
Bakı. Trend:
Son illər ərzində Azərbaycan və Türkmənistan arasında tranzit
yükdaşımaları əhəmiyyətli dərəcədə artıb.
Trend xəbər verir
ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun
“Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında dərc
olunan məqaləsində qeyd olunur. Jurnal Türkmənistanın Xarici İşlər
Nazirliyi tərəfindən nəşr olunur.
G. Gözəlov vurğulayıb ki, son yeddi il ərzində ticarət
dövriyyəsi üç dəfə artaraq 2024-cü ildə 383 milyon dollara
çatıb.
“Bu artım investisiya əməkdaşlığının genişləndirilməsi və birgə
layihələrin uğurla həyata keçirilməsi hesabına ikitərəfli
əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır,” – deyə o əlavə
edib.
“2025-ci ilin ilk yeddi ayı ərzində tranzit daşımalarının həcmi
1,28 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 13 faiz çoxdur,” – deyə səfir bildirib.
Onun sözlərinə görə, daşımaların əsas hissəsi – təxminən 76
faizi – Şərq-Qərb marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə
həyata keçirilib.
Səfir həmçinin qeyd edib ki, Türkmənistanın, xüsusilə enerji
sektorundakı ixrac potensialı Azərbaycanın inkişaf etmiş logistika
şəbəkəsini tamamlayır və qarşılıqlı fayda yaradır. O bildirib ki,
son illərdə enerji, logistika və nəqliyyat sahələrində əməkdaşlıq
strateji əhəmiyyət qazanıb.
Diplomat,həmçinin 2025-ci ilin iyul ayında Bakıda keçirilmiş
iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə
Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyasının 8-ci
iclasını da xatırladıb. Gözəlov qeyd edib ki, tərəflər bir sıra
istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi barədə razılığa
gəliblər.
“Razılaşma enerji, ticarət, nəqliyyat və logistika sahələrində
birgə təşəbbüslər üçün çərçivə müəyyən edir və qarşılıqlı inkişafa,
həmçinin regional əlaqəliliyin möhkəmlənməsinə xidmət edir,” – deyə
o vurğulayıb.

