Metroda 28 oktyabr hadisəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib

Baş səhifə

Bakı.Trend:

Bakı Metropoliteninin “Ulduz” və “Nərimanov” stansiyaları
arasında 1995-ci il 28 oktyabr tarixində baş vermiş yanğın
hadisəsinin 30-cu ildönümü anım tədbiri ilə qeyd edilib.

Trend xəbər
verir ki, “Ulduz” stansiyasında təşkil olunan tədbirdə metropoliten
rəhbərliyi və kollektivin nümayəndələri, Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin rəisi və kursantları, hadisə zamanı həyatını
itirənlərin valideynləri və yaxınları iştirak ediblər.

Mərasimdə hadisə qurbanlarının, eləcə də neçə-neçə insanın
həyatının xilas edilməsində böyük fədakarlıq göstərən qəhrəmanlar –
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirinin
siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev,
liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir
Məmmədovun xatirəsini əbədiləşdirən, hadisənin təfərrüatlarını
özündə əks etdirən yeni memorial kompleks təqdim olunub.

Kompleksin önünə gül dəstələri qoyulub, faciədə həyatını
itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, igid Vətən
övladlarının əziz xatirəsi ehtiramla anılıb.




Mərasimdə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət
Məmmədov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi
Qəhrəmanı polkovnik Anar Mirzəyev, hadisə zamanı qəhrəmancasına
həlak olanların ailə üzvləri və hadisənin şahidi olmuş
metropolitençilər çıxış edib, Hərbi Liseyin kursantları xüsusi
hazırladıqları şeir-kompozisiyanı təqdim ediblər.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 3 noyabr, 1995-ci
il tarixli Fərmanı ilə ölümlərindən sonra Çingiz Adil oğlu Babayev
Azərbaycanın Milli Qəhrəmanı adı, kursantlar “İgidliyə görə” medalı
ilə təltif olunublar.

Hadisə qurbanlarını və həyatlarını başqalarının xilası yolunda
fəda edən qəhrəmanlar Bakı Metropolitenində daim dərin
minnətdarlıqla yad edilir.