
Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Rusiya arasında
ticarət əməliyyatlarının həcmi 3,659 milyard ABŞ dolları təşkil
edib.
Trend bu barədə
Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 161 milyon
ABŞ dolları və ya 4,6 faiz çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın
ümumi xarici ticarət dövriyyəsinin 10,34 faizini təşkil edib.
Bununla da Rusiya, Azərbaycanla ən böyük ticarət dövriyyəsinə malik
ölkələr arasında 3-cü yeri tutub.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya
ixracın həcmi 883,6 milyon ABŞ dolları olub. Bu, 2024-cü ilin eyni
dövrü ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,8 faiz çoxdur.
Eyni zamanda, göstərilən dövrdə Rusiyadan Azərbaycana idxalın həcmi
2,775 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə
135 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.
Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan
xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz
çoxdur.
Ümumi xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları
ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən
ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları (və
ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard ABŞ dolları (və ya
14,5 faiz) artıb.

