
Bakı. Trend:
Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa
çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, milli komanda 32
ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3
bürünc medalla başa vurub.
Yığmanın heyətində Xumar Cəfərli (75 kiloqram) fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0
(30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə
Budvada Azərbaycan Himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün
əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançı U-15 Avropa
çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kiloqram) da təkrarlayıb.
Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28,
30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq
görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü
mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kiloqram), Nurlan
Müseyibli (66 kiloqram), Yusif Ağakişiyev (75 kiloqram) gümüş, Onur
Qurbanov (42 kiloqram), Elcan Musazadə (50 kiloqram) və Ərdəm Təkin
(90 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri
tutub.

