
Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş,
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) dərhal islahat aparılmasının
labüd olduğunu bildirib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki,“BMT: Gələcəyə Baxış” forumunda
iştirak edən Quterreş, Şuranın mövcud strukturunun artıq beynəlxalq
ədalət və təhlükəsizlik ehtiyaclarına cavab vermədiyini
vurğulayıb.
O deyib ki, BMT TŞ yalnız hegemon dövlətlərin oyun meydanı
olmamalıdır.
Quterreş bildirib ki, bir çox hallarda Təhlükəsizlik Şurasının
daimi üzvləri BMT Nizamnaməsi prinsiplərini pozaraq hərəkət edirlər
və bu, BMT-yə olan etibarı aşındırır. Onun fikrincə, üzvlərin
tərkibinin artırılması ədalətin təmin olunmasına və qərarların bir
sıra regionların reallıqlarını daha əhatəli şəkildə əks etdirməsinə
imkan verə bilər.
O xüsusilə vurğulayıb ki, Afrika qitəsi barışıq missiyalarının
yarısını daşısa da, Təhlükəsizlik Şurasında səsi yoxdur. Latın
Amerika və Karib bölgəsinin təmsili məhduddur. Asiya-Sakit Okean
bölgəsi isə insanlığın yarısından artığını əhatə etməsinə
baxmayaraq, yalnız bir daimi yerə sahibdir.
“Əgər Təhlükəsizlik Şurası məqsədinə uyğun olmasa, dünya böyük
risk altında qalacaq. Qarşıda duran 80 ilin çağırışlarına cavab
verə biləcək, hamıya ədalət və təhlükəsizlik gətirə biləcək yeni
qurum yaratmaq bizim vəzifəmizdir”, – baş katib bildirib.


