
Bakı. Trend:
Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat
keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əməliyyat
zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı
Ağamir Mirələmzadə saxlanılıb.
Bildirilir ki, ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop
maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış
olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt
ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını
bildirib.
Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları
davam etdirilir.
Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən
cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95
kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə
qanunsuz dövriyyədən çıxarılıb.

