
Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağsuda yoxlama keçirib,yoxlama zamanı yararsız içkilər aşkar edilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, AQTA-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən Mürsəlzadə Xəyyam Namiq oğluna məxsus Ağsu şəhəri, M.V.Vidadi küçəsi ünvanında fəaliyyət göstərən “Xəyyam” marketdə və Ağsu şəhəri, S.Vurğun küçəsi ünvanında yerləşən məhsulların saxlandığı əsas anbarda plandankənar yoxlama həyata keçirilib.
Yoxlama zamanı aşkar saxtalaşdırma əlaməti olan alkoqollu içkilər aşkar edilib. Eyni zamanda, məhsullara vizual baxış zamanı etiket məlumatlarında istehsalçı barədə dolğun məlumat verilmədiyi müəyyən edilib.
Araşdırma zamanı məhsulun üzərində göstərilən VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) ilə əlaqəli sahibkarlıq subyektinin olmadığı aşkar edilib. Bundan əlavə arağın başlıq hissələri və etiketlərinin kustar üsulla yapışdırıldığı müəyyən olunub.
Plandankənar yoxlama zamanı aşkar edilmiş 247 ədəd alkoqollu içki satışdan çıxarılıb və saxlanca verilib. Həmin məhsullardan nümunə götürülüb və müayinə üçün AQTA-nın tabeliyindəki Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


