Böyük Britaniya Qəzza zolağına hərbi heyət göndərib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Qəzza zolağında atəşkəsə nəzarət səylərinə
dəstək məqsədilə bölgəyə ali rütbəli zabit və az sayda əsgər
göndərib.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi
açıqlama verib.

Məlumata görə, ABŞ-nin rəhbərlik etdiyi mülki-hərbi
sabitləşdirmə qüvvələrinin tərkibində ikiulduzlu britaniyalı
general ABŞ tərəfindən dəstəklənən Qəzza sabitləşdirmə missiyasının
komandir müavini təyin olunub.




Müdafiə naziri Con Hili bildirib ki, az sayda britaniyalı
planlaşdırma zabiti Mülki-Hərbi Koordinasiya Mərkəzinə qoşulub.
Nazir qeyd edib ki, bu addım Böyük Britaniyanın ABŞ-nin təşəbbüsü
ilə irəli sürülən münaqişədən sonrakı sülh planında fəal iştirakını
təmin edəcək.

Müdafiə Nazirliyinin açıqlamasında vurğulanır ki, bu yerləşdirmə
ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar
çərçivəsində Qəzzadakı atəşkəsin sabitləşdirilməsi istiqamətində
beynəlxalq səylərə dəstək məqsədi daşıyır.