
Bakı. Trend:
Oktyabrın 20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə
həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun
iştirakçılarının Prezident İlham Əliyevə müraciəti qəbul
edilib.
Trend xəbər verir
ki, müraciəti “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai
Birliyinin sədri Xatirə Vəliyeva oxuyub.
Müraciətdə bildirilib: “Biz azad Xankəndidə Azərbaycan
Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsinin
bəxtiyarlığı içərisindəyik. Forumda yüzlərlə QHT təmsilçisi vahid
platformada olduqca aktual mövzularda faydalı müzakirələr apardı,
təcrübə, bilik mübadiləsi etdi, qənaətlərini bölüşdü.
Sizin QHT sektoruna diqqətinizdən irəli gələrək, genişlənən
imkanların, yaradılan şəraitin nəticəsidir ki, artıq Azərbaycan
QHT-ləri dünyaya açılıb, beynəlxalq təmsilçiliyini gücləndirib,
regionda böyük nüfuz qazanıb”.
Vurğulanıb ki, dünya əhalisinin 80 faizinin yaşadığı Qlobal
Cənub məkanında vətəndaş cəmiyyətlərinin yekdil rəyi ilə təsis
olunmuş Qlobal Cənub QHT Platforması daimi mənzil-qərargahı kimi
Bakını müəyyən edib. Bu, qlobal müstəvidə Azərbaycan QHT-lərinə
münasibətdə formalaşan yeni baxışın real nümunəsidir.
Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi
Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsi, tarixi
bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə – 30 il müddətində
viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd
qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses
sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə dövründə
şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb.
Təsadüfi deyil ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası gələn il məhz Azərbaycanda keçiriləcək.
Qeyd olunub ki, Azərbaycan QHT-ləri Ümumdünya Şəhərsalma
Forumunda fəal iştiraka ciddi hazırlaşır. COP29-da əldə edilmiş
təcrübə bu prosesdə QHT-lərə olduqca böyük fayda verir.
Bu gün süni intellekt və rəqəmsal həllər dövründə “rəqəmsal QHT”
konsepsiyası tamamilə fərqli müstəvidə iş aparmağa, daha ciddi
ölçüləbilən nəticələr əldə etməyə, səmərəliliyi xeyli yüksəltməyə
şərait yaradır.
“Biz Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətinizi tam
müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Sizin
tarixi missiyanızı alqışlayırıq”, – deyə bildirilən müraciətdə,
həmçinin deyilir ki, bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə
Görüşü də “Konstitusiya və Suverenlik İli”nin Azərbaycan tarixinə
yeni mərhələnin başlanğıcı kimi düşəcəyini sübut edir.
“Təkcə son 1 ayda 4 qlobal toplantıda – Nyu-Yorkda BMT Baş
Assambleyasının sessiyasında, Kopenhagendə “Avropa Siyasi
Birliyi”nin Zirvə Toplantısında, Azərbaycanın ev sahibliyi ilə
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının
Zirvə Görüşündə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah
əs-Sisinin dəvəti ilə Misirdə Yaxın Şərq Sülh Sammitində Sizin
iştirakınız dünya miqyasında qazandığınız böyük nüfuzu, dərin
hörməti, Azərbaycanın qlobal proseslərdə artan rolunu nümayiş
etdirir”, – deyə iştirakçılar qeyd ediblər.


