
Bakı.Trend:
Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan maarifləndirmə
tədbirlərinə və mətbuat vasitəsilə yayılan çağırışlara baxmayaraq,
hələ də bəzi piyadalar yol hərəkəti qaydalarına etinasız yanaşır,
müəyyən olunmayan yerlərdən keçərək həm özlərinin, həm də digər
hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara
müraciətində deyilir.
Müraciətdə qeyd edilib ki, yolun hərəkət hissəsinə qəfil çıxmaq,
nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını düzgün
qiymətləndirməmək, yaxın məsafədən yolu keçməyə cəhd göstərmək çox
zaman faciəvi nəticələrə gətirib çıxarır. Unutmaq olmaz ki, sürücü
üçün hər an dayanmaq mümkün deyil və piyada məsafəni səhv
hesabladığı anda artıq hadisənin qarşısını almaq mümkün olmur.
Bəzi hallarda piyadalar yaxınlıqda yerləşən piyada keçidinə bir
neçə addımlıq məsafə olsa da, qaydanı pozaraq yolun istənilən
yerindən keçməyə üstünlük verirlər. Bu isə həm onların, həm də
həmin istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri
üçün əlavə təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət
iştirakçılarına müraciət edərək xatırladır ki, piyada yolun hərəkət
hissəsinə yalnız bu məqsədlə nəzərdə tutulmuş keçidlərdən daxil
olmalı, işıqforla tənzimlənən yerlərdə siqnalların tələbinə əməl
etməli, yolu keçməzdən əvvəl hər iki istiqamətə diqqətlə baxmalı və
avtomobilin tam dayanmasına əmin olduqdan sonra hərəkət
etməlidir.


