Mərkəzi Asiya və Qafqazdakı infrastruktur layihələri ticarət əlaqələrinin gücləndirilməsində əsas rol oynayır – BVF

Baş səhifə

Bakı. Trend:

Mərkəzi Asiya və Qafqazdakı infrastruktur layihələri ticarət
əlaqələrinin gücləndirilməsində əsas rol oynayır.

Bunu brifinqdə Trend-in sualını cavablandıran Beynəlxalq Valyuta
Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru
Cihad Azur deyib.

“Qafqaz və Mərkəzi Asiya ölkələrinin orta iqtisadi artım tempi
hələ də yüksək olaraq qalır və bu il 5,6% təşkil edəcək ki, bu da
bahar toplantılarındakı qiymətləndirmələrlə müqayisədə proqnozun
0,7 faiz bəndi yüksəlməsini əks etdirir. Belə yüksək artım
səviyyəsi nə ilə izah oluna bilər? Dayanıqlı daxili tələbat, kredit
ekspansiyası , eləcə də stabil və ya böyük həcmdə neft-qaz ixracı
mövcuddur.

Artımın tədricən orta səviyyəyə- təxminən 4%-ə qədər
yavaşlayacağını gözləyirik. Hərçənd, neft və qaz ixracatçısı olan
ölkələrlə idxalçı ölkələr arasında vəziyyət fərqlidir”, – deyə Azur
bildirib.




O, həmçinin Mərkəzi Asiya və Qafqazın əksər ölkələrində
inflyasiyanın sürətləndiyini vurğulayıb.

“Bu, müəyyən dərəcədə tələbin yaratdığı təzyiq və həmçinin,
xüsusilə Rusiyadan gələn inflyasiya idxalı ilə bağlıdır. Bəzi
ölkələrdə isə elektrik enerjisi sahəsində tarif islahatları qiymət
artımına təsir edib. Son illərdə Qafqaz və Mərkəzi Asiya ölkələri
nisbətən yüksək artım səviyyəsi nümayiş etdirir və daxili region
əməkdaşlığının inkişafında, o cümlədən bir sıra infrastruktur
layihələrində uğurlar əldə edirlər. Xüsusilə şərqdən qərbə, Çin-dən
müxtəlif ticarət marşrutlarına ticarət əlaqələrinin
gücləndirilməsində dəmir yolu və elektrik enerjisi sahəsindəki
layihələr mühüm əhəmiyyət daşıyır. Bu layihələr həmçinin region
ölkələri arasında əlaqəliliyin artırılması və iqtisadi
inteqrasiyanın genişləndirilməsi üçün imkanlar yaradır”, – deyə
Azur bildirib.

O əlavə edib ki, bu cür layihələrin həyata keçirilməsi bəzi
hallarda borc yükünə təsir göstərə bilər.

“Biz ölkələri ehtiyatlı olmağa çağırırıq – həm iqtisadi
əsasların möhkəmləndirilməsi, həm də uzunmüddətli layihələrin idarə
olunması baxımından. Bu layihələrin öhdəliklər baxımından yaxşı
idarə olunması və ümumi borc səviyyəsinin dayanıqlı qalması
vacibdir”, – deyə BVF direktoru yekunlaşdırıb.