
Bakı. Trend:
Ənənəvi olaraq hər il olduğu kimi cari ildə də Maliyyə Nazirliyi
fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə
qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal
riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli
perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.
Trend
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirlik tərəfindən dərc olunmuş “Ortamüddətli
Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin
qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə
ortamüddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya
sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər
hansı risk əlamətləri müşahidə olunmur:
“Bildiririk ki, “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin əhatə
etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və
prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının
yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə
yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə
qalacaqdır”.

