Suqovuşanda səyyar tibbi aksiya keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə
Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı
ilə oktyabrın 17-də Suqovuşan kəndində, azad olunmuş ərazilərdə
tibbi aksiya keçiriləcək.

Trend xəbər verir
ki, aksiyanın əsas məqsədi azad olunmuş torpaqlarda yaşayan və
tibbi xidmətlərə çıxış imkanları məhdud olan əhalinin göz
sağlamlığının qorunmasıdır.

Tədbir çərçivəsində oftalmoloji müayinələr aparılacaq, görmə
problemlərinin vaxtında aşkarlanması və mümkün hallarda ilkin
müalicəsi təmin ediləcək. Müayinələr zamanı ağır xəstəlik halları
aşkarlanarsa, həmin şəxslər Akademik Zərifə Əliyeva adına Milli
Oftalmologiya Mərkəzinə yönləndiriləcək.




Müasir diaqnostik və cərrahi avadanlıqlarla təchiz olunmuş
Avtomobil Səyyar Klinikası 2005-ci ildən fəaliyyət göstərir. Onun
əsas məqsədi əhalinin yaşadığı bölgələrdə keyfiyyətli tibbi
xidmətlərdən faydalanmasına şərait yaratmaqdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
illərdir ölkənin müxtəlif regionlarında humanitar tibbi aksiyalar
həyata keçirir və bu tədbirlərin sayı ildən-ilə artır. Mərkəzin
bütün filialları ən müasir texnologiyalarla təmin olunub, burada
təcrübəli və beynəlxalq təlimlər keçmiş həkim-oftalmoloqlar
fəaliyyət göstərir.

Bundan əlavə, səyyar xidmətlərin daha da genişləndirilməsi
məqsədilə 2018-ci ildən Dəmiryolu Səyyar Klinikası da əhaliyə
xidmət göstərir.