
Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik “Bambino Gesu”
xəstəxanasında olub.
Trend xəbər verir
ki, Birinci vitse-prezident burada molekulyar-genetika və klinik
diaqnostika laboratoriyaları ilə tanış olub.
“Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano
Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar
haqqında məlumat verib.
Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası
qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın
ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik
xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb
müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar
arasındadır.
Diqqətə çatdırılıb ki, “Bambino Gesu” pediatrik xəstəxanası
İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası
kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs
Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun
rəhbərliyinə tabedir. 2006-cı ildə xəstəxana “Joint Commission
International” tərəfindən akademik xəstəxana kimi akkreditə olunub
və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat
mərkəzidir.
Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və
hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş
böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə
üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir.
Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün
genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər
sayəsində pasiyentlərə fərdi tibbi yanaşma tətbiq olunur.
Bu il sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino
Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.
“Bambino Gesu” xəstəxanası ilə qurulan əməkdaşlıq nadir
xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər
müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu
tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi
yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş
laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq. Nəticədə
ölkəmizdə bu sahələrdə müstəqil elmi tədqiqatlar aparmağa qadir
kadr potensialı formalaşacaq, beynəlxalq standartlara cavab verən
yeni laboratoriyaların təsis olunması üçün şərait yaranacaq.
Həmçinin əməkdaşlıq çərçivəsində səhiyyə mütəxəssislərimizin təlim
və mübadilə proqramlarında iştirakı nəzərdə tutulub.

