Toronto şəhərində Turkuaz Türk Multikultural Festivalı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Turkuaz Türk
İncəsənət və Mədəniyyəti Fondunun təşkilatçılığı ilə Turkuaz Türk
Multikultural Festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən
Trend
-ə bildirilib ki, festivalın əsas məqsədi Kanadada türk
mədəniyyətinin tanıdılması, qorunması və gələcək nəsillərə
ötürülməsidir.

Festival Təbriz Musiqi və Rəqs Ansamblı, Hamilton Azərbaycan
İcmasının istedadlı uşaqlarının rəngarəng çıxışları ilə başlayıb.
Həmçinin Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən
“Mənim Azərbaycanım” həftəsonu məktəbinin rəqs qrupu da səhnəyə
çıxaraq izləyicilərə unudulmaz anlar yaşadıb.




Turkuaz Fondunun rəhbərləri Nəsrin Attari və Şervin Şadpur
fondun Kanadada türk mədəni irsinin təşviqi istiqamətindəki
fəaliyyətindən danışıblar. Mədəniyyətlərarası dialoqun
gücləndirilməsinin və müxtəlif icmalar arasında qarşılıqlı
anlaşmanın önəmini vurğulayıblar.

Festivalda səslənən Azərbaycan şeirləri, “Ay işığında” adlı üç
hissəli musiqili konsert proqramı, uyğur rəqsi, eləcə də rəqqasə
Lina Şimminin çıxışı maraqla qarşılanıb.

Tədbirdə Ontario əyalətinin Vaughan şəhərinin meri Steven Del
Duka (Steven Del Duca), Kanada parlamentinin üzvü Françesko Sorbara
(Francesco Sorbara), Ontario əyalət parlamentinin deputatı (MPP)
Laura Smit (Laura Smith), şəhər şurasının üzvləri Kris Eynsvörzs
(Chris Ainsworth) və Toni Ruprext (Tony Ruprecht) kimi
ictimai-siyasi xadimlər də iştirak edib. Qonaqlar çıxışlarında türk
birliyinin Kanada cəmiyyətinə verdiyi mühüm töhfələrdən bəhs
ediblər.