Tural Hacılı: “Azərbaycan Belarusa məhsul ixracını 77 % artırıb”

Baş səhifə
Tural Hacılı: Azərbaycan Belarusa məhsul ixracını 77 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin dəyəri təxminən 274 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan-Belarus biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ötən ilin iyun ayında keçirilmiş birgə hökumətlərarası komissiyanın 14-cü iclasında təsdiqlənmiş 2024-2025-ci illər üçün Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi iki ölkə arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin fəal inkişafına töhfə verir.

“Azərbaycanın Belarusa ixracı 77 % artaraq 52 milyon ABŞ dollarına çatıb”, – T.Hacılı qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Belarusla biznes əməkdaşlığını gücləndirmək üçün bütün maraqlı tərəflərə hərtərəfli dəstək göstərməyə hazırdır.

“Sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda sənaye, ticarət, tikinti, nəqliyyat və xidmət sahələrində 127 Belarus şirkəti qeydiyyatdan keçib. Bu şirkətlərdən 85-i aktiv fəaliyyət göstərir”, – T. Hacılı qeyd edib.

AZPROMO-nun nümayəndəsi əlavə edib ki, Azərbaycanda traktor parkının 80 %-ə qədərini Belarus istehsalı olan maşınlar təşkil edir.