
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar
naziri Kəmaləddin Heydərov oktyabrın 11-də Salyan şəhərində,
Nazirliyin Muğan Regional Mərkəzinin binasında Salyan və Neftçala
rayonları sakinlərinin qəbulunu keçirib.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
Əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət
edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad
edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Salyan və
Neftçala rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti
yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı
qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə
Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar
verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin
müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları
qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və
operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə
minnətdarlıq ediblər.

