Bakı. Trend:
Biometrik məlumatların qanunsuz istifadəsi hallarında cinayət
təqibinin aparılması və ictimai maraqların qorunması prokurorluğun
əsas funksiyalarından biridir.
Trend xəbər
verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya
texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın
Verdiyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge”
kibertəhlükəsizlik festivalı çərçivəsində baş tutan “Səni tanıyan
şəhər: Biometrik nəzarət, toplanan data, insan hüquqları, mühafizə
yolları – hansı daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı
deyib.
A.Verdiyev bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi
bir dövrdə hüquqi mexanizmlərin də bu dinamikanı izləməsi
zəruridir:
“Bu baxımdan biometrik məlumatların qanunsuz istifadəsinə görə
məsuliyyətin sərtləşdirilməsi, müasir beynəlxalq standartların
milli qanunvericilikdə əks olunması, beynəlxalq təcrübənin
öyrənilməsi və ölkəmizdə tətbiqi, vətəndaşların bu sahədə
maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Şöbə rəisi vurğulayıb ki, Aİ-nin GDPR tənzimləməsi biometrik
məlumatların qorunması baxımından çox ciddi tələblər qoyur:
“Biz həmin sistemə üzv olmasaq da, qanunvericiliyimizdə GDPR-in
əsas müddəaları nəzərə alınıb. Sadəcə, orada nəzərdə tutulan yüksək
cərimə mexanizmləri – məsələn, 20 milyon avroya qədər və ya
şirkətin illik dövriyyəsinin 4%-i – bizdə tətbiq olunmur. Lakin
inanıram ki, gələcəkdə bizdə də bu sahədə daha sərt mexanizmlər
tətbiq ediləcək.
O qeyd edib ki, biometrik məlumatların qorunması təkcə hüquqi
məsələ deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir.

