Bakı. Trend:
Bu paneldə təhlükəsizlik və azadlığın necə uzlaşa biləcəyini
müzakirə etməyə çalışacağıq. Çünki bu, çox ağır və çətin bir
sualdır.
Trend xəbər
verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidməti, Kibertəhlükəsizlik
əməliyyatları mərkəzinin nümayəndəsi Elvin Balacanov “CIDC 2025 –
Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik
festivalı çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik
nəzarət, toplanan data, insan hüquqları, mühafizə yolları – hansı
daha vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.
Xidmətin nümayəndəsi bildirib ki, təhlükəsizlik yalnız texnoloji
məsələ deyil:
“Təhlükəsizlik — dövlətin, cəmiyyətin, həyatın və insanın özünün
qorunması deməkdir. Amma bu qoruma insanın mahiyyətinə toxunmamalı,
əksinə, onunla uzlaşmalıdır.
Təhlükəsizliyi azadlığın rəqibi kimi deyil, əksinə, azadlığın
mövcudluq şərti kimi qəbul etmək lazımdır. Çünki təhlükəsizliyin
olmadığı yerdə azadlıq da davam edə bilməz. Amma unutmayaq ki,
təhlükəsizliyin də mərkəzində insan dayanır. Və məlumatların
arxasında rəqəmlər yox, insanların taleyi durur. Buna görə də bu
paneldə biz daha çox təhlükəsizliyin təmin olunması ilə insan
hüquqlarının qorunması arasındakı balansdan danışacağıq”.
E.Balacanov vurğulayıb ki, bu balansı qorumaq, müasir dövrün ən
çətin, amma eyni zamanda ən vacib məsələlərindəndir:
“Ola bilsin ki, bu paneldə qəti cavab tapa bilməyəcəyik. Çünki
sual çətindir. Amma ümid edirəm ki, bu panel bizi düşünməyə,
dəyərləri yenidən qiymətləndirməyə vadar edəcək. Çünki düşünmək,
sorğulamaq azadlığın başlanğıcı, təhlükəsizliyə doğru atılan ilk
addımdır”.

