
Bakı. Trend:
Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının
infrastruktur obyektlərinə dair ümumi tələblər
təkmilləşdirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil
nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən
avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi
tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması
qaydaları ilə müəyyən olunacaq.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil
nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi,
onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin
ediləcək.
Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq
məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı
avtomobil nəqliyyatının digər infrastruktur obyektinə
dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə,
həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun
olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata
keçiriləcək.
Bildirilib ki, qanun layihəsi müntəzəm sərnişindaşıma
xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq
məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların
quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin
təkmilləşirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid
səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin
inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə
yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin
yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə
olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA), Bakı
şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri
olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin
sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi
sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə
yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil
nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən
edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və
saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə
əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin
artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət
edəcək.
Xatırladılıb ki, Azərbaycan Respublikası “Beynəlxalq yük
daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron
əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola 21 oktyabr
2022-ci il tarixli Qanunla qoşulub.
Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən,
daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqi
münasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağız
əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtib
edilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi,
qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması,
təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklər
təqdim edir.
CMR-in elektronlaşdırılması həmçinin, avtomobil nəqliyyatı
sahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektor
iştirakçılarının çevikliyinin və şəffaflığının artmasına ciddi
töhfə verəcək.
Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm də
kağız daşıyıcıda paralel olaraq istifadə imkanı yaradılmalıdır,
çünki bütün dövlətlərdə elektronlaşma imkanı tam formalaşmayıb və
hər iki forma birlikdə tətbiq olunur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

