Alkoqol mənşəli psixi və davranış pozuntularının müalicəsi icbari sığorta ilə aparılır?

Baş səhifə

Bakı. Trehnd:

Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və
müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir.

Trend
xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün, 10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq
Günü insanlara psixi rifahın qorunmasının vacibliyini bir daha
xatırladır, çünki sağlam düşüncə və emosional sabitlik həm fərdi,
həm də ictimai rifahın əsasını təşkil edir.

Psixi sağlamlığa mənfi təsir göstərən amillərdən biri olan
alkoqol mənşəli psixi pozuntuların qarşısının alınması mövzusu
xüsusilə aktuallıq kəsb edir. ÜST-ün statistik göstəricilərinə
əsasən dünyada təxminən 400 milyon insan alkoqol və narkotik
istifadəsi pozuntularından, onların arasında 209 milyon nəfər isə
psixi və davranış pozuntuları ilə müşahidə olunan alkoqol
asılılığından əziyyət çəkir. Tədqiqatlara əsasən alkoqol sinir
sisteminə toksiki təsir etməklə beyində neyronların normal
fəaliyyətini və kimyəvi tarazlığı pozaraq depressiya, narahatlıq,
yuxu problemləri, şəxsiyyət dəyişiklikləri və digər halların
yaranmasına səbəb olur. Alkoqoldan asılı şəxslərin təxminən
45–50%-i həyatlarının müəyyən mərhələsində ciddi psixi pozuntularla
qarşılaşır.

Alkoqolun psixoloji təsirləri yalnız fərdin emosional
vəziyyətinə deyil, həm də sosial münasibətlərinə və əmək
qabiliyyətinə mənfi təsir göstərir. Buna görə də bir çox ölkələrdə,
o cümlədən Azərbaycanda da bu kateqoriyadan olan pasiyentlərin
diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına
alınıb.

Alkoqol mənşəli psixi və davranış pozuntuları uzunmüddətli və ya
çox miqdarda alkoqol qəbulu nəticəsində beynin və sinir sisteminin
fəaliyyətində yaranan ciddi dəyişikliklərlə müşahidə olunan psixi
pozuntulardır. Bu vəziyyətlər özünü yaddaş və düşüncə
qabiliyyətinin zəifləməsi, emosional qeyri-sabitlik, aqressiv
davranış, yuxu pozğunluqları, hallüsinasiyalar, depressiv hallar və
digər simptomlarla göstərə bilər.




İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində alkoqol
mənşəli psixi pozuntular zamanı göstərilən tibbi xidmətlərə
həkim-psixiatr tərəfindən ambulator müayinə və konsultasiya, ilkin
diaqnostika, psixoloji qiymətləndirmə, eləcə də tibbi göstəriş
olduğu halda stasionar müalicə qarşılanır. Xəstələrə stasionar
tibbi xidmət zamanı simptomatik və dərman müalicəsi, detoksikasiya
prosedurları və müşayiətedici tibbi nəzarət də icbari tibbi sığorta
hesabına həyata keçirilir.

Diaqnostika mərhələsində müasir laborator və instrumental
müayinə üsullarından istifadə olunur: qanın ümumi və biokimyəvi
analizi, elektrolit balansının və qaraciyər funksiyalarının
qiymətləndirilməsi, nevroloji müayinə, EEG (elektroensefaloqrafiya)
və s. Bu müayinələrin nəticələri həkim-psixiatr tərəfindən
qiymətləndirilir və fərdi müalicə planı tərtib olunur.

Müalicə mərhələsində məqsəd xəstənin vəziyyətini
stabilləşdirmək, alkoqoldan asılılığın fizioloji və psixoloji
təsirlərini azaltmaq, həmçinin yenidən alkoqol qəbulunun qarşısını
almaqdır. Pasiyentlərə dehidratasiyaedici və sedativ preparatlar,
vitamin və minerallar, antidepresantlar və psixoterapevtik dəstək
tədbirləri tətbiq olunur.

Qeyd olunanlardan əlavə icbari tibbi sığortanın ilkin
tibbi-sanitariya yardımı çərçivəsində əhali arasında tütün,
narkotik vasitələr və onların prekursorlarının, eləcə də alkoqollu
içkilərin zərəri barədə sanitar maarifləndirmə işləri də həyata
keçirilir.

Bu xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində
icra olunur.

Mütəxəssislər vurğulayır ki, alkoqol mənşəli psixi pozuntuların
qarşısını almaqda profilaktik tədbirlər böyük əhəmiyyət kəsb edir.
Bunun üçün alkoqol istifadəsindən çəkinmək, gündəlik stress və
psixoloji gərginliyi idarə etmək, sağlam həyat tərzi sürmək və
sosial dəstək proqramlarında iştirak etmək tövsiyə olunur.
Həmçinin, alkoqol asılılığı və ya davranış dəyişiklikləri
əlamətləri müşahidə edildikdə vaxtında psixiatr və ya psixoloqa
müraciət etmək vacibdir.