
Bakı. Trend:
Almaniya Azərbaycanın iqtisadi inkişafı üçün zəruri olan faktiki
olaraq bütün sahələr üçün lazımı texnologiyalar və “nou-hau” təklif
edə bilər.
Trend xəbər verir
ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Maliyyə
kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusunda İxracın
Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-Azərbaycan Konfransı
çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Mən yaxın illərdə münasibətlərimizi dərinləşdirmək və
genişləndirmək üçün yaxşı perspektivlər görürəm, ələlxüsus da
ənənəvi energetika hüdudlarından kənarda olan sahələrdə. Azərbaycan
davamlı olaraq fosil yanacağından bərpa olunan enerji mənbələrinə
keçid və iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir.
Almaniya və alman biznesi bu prosesdə Azərbaycanın etibarlı
tərəfdaşları ola bilər”, – deyə o bildirib.
Horlemann Azərbaycanın ikitərəfli iqtisadi əlaqələr üçün
əhəmiyyətli olan əsas sektorlara, o cümlədən energetika, bərpa
olunan enerji mənbələri və infrastruktur, xüsusən də Orta Dəhliz
layihəsinə aktiv investisiya yatırdığını vurğulayıb.
“Biz Azərbaycanın yollar, dəmir yolları, limanlar və ümumilikdə
ticarət üçün önəmli olan infrastruktur sahələrinə qoyduğu bütün
investisiyaları yüksək qiymətləndiririk. Bu eyni zamanda həm
ixracatçı, həm də investor kimi mövcud pozitiv dinamikanı
dəstəkləmək üçün alman şirkətlərinə əla imkan yaradır”,- deyə o
əlavə edib.

