
Bakı. Trend:
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli,
üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı
zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq
onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır.
Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, qəhvəyi mərmər bağacığının yetkin fərdləri və
sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac
materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş
güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin
fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə
bilir.
Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə
boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir.
Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə
evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə
və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq
üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq
üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar
edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə
toplamaq və məhv etmək lazımdır.
Qeyd edək ki, beynəlxalq təcrübədə Qəhvəyi mərmər bağacığı ilə
mübarizədə aldadıcı tələlərdən, süni yaradılmış sığınacaq
yerlərindən istifadə xüsusi əhəmiyyət kəsb edir. Bağacıq üçün süni
qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir
qutudan hazırlanır. Bunun üçün boş qutuya kəsilmiş karton və ya
kağız parçaları doldurulur. Hazırlanmış sığınacaqlar evin günəş
düşən tərəfində, binaların cənub və qərb tərəflərinə və yaxud
çardaqda (damda), bağacığın qışlamaya getdiyi yerlərdə
yerləşdirilir və ya 2-3 metr hündürlükdə asılır. Bu cür qutulara
yığılan bağacıqlar mexaniki yolla toplanaraq məhv edilməlidir.
AQTA-nın mütəxəssislərinin respublika ərazisində apardığı
monitorinq zamanı Qəhvəyi mərmər bağacığının yetkin fərdlərinin
evlərin çardaqlarında, yarımtikililərdə asılmış və ya
yerləşdirilmiş köhnə paltarlardan, pərdələrdən, xalçalardan, boş
karton qutulardan qışlama yerləri kimi istifadə etdikləri müşahidə
edilib. Belə ki, belə “sığınacaqlara” toplaşaraq qışlayan yetkin
fərdlərin daha sonra yığılaraq mexaniki yolla məhvi mümkündür.
Qəhvəyi mərmər bağacığı aşkar olunduğu hallarda kimyəvi mübarizə
tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən
edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam
saatlarında yerinə yetirilməlidir.
Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və
məsuliyyətli olmalıdırlar. Həmçinin onlar Qəhvəyi mərmər bağacığı
və ona qarşı mübarizə tədbirləri barədə əlavə məlumat almaq üçün
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin
“1003-Çağrı Mərkəzi”nə zəng vura, eləcə də aidiyyəti qurumlara
müraciət edə bilərlər. Eyni zamanda Regional Əlaqələndirmə
Mərkəzlərinin “Qaynar xətt”inə (Qərb rayonları üzrə: +994 99 708 85
88, şimal-qərb rayonları üzrə: +994 99 308 85 88) zəng vura
bilərlər.

