Şamaxıda Beynəlxalq Barbekü Festivalı keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Şamaxıda bu dəfə də Beynəlxalq Barbekü Festivalı təşkil
olunub.

Trend xəbər verir ki,
oktyabrın 4-ü Şamaxının Meysəri kəndində başlayan festival iki gün
davam edəcək.

Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Barbekü Festivalı
Şamaxı Rayon İcra Hakimiyyəti, Nəsimi Bağları Kompleksi, “Abqora”
restoranı və beynəlxalq kulinariya hakimi Sahib-David İsrafilovun
(Don David) dəstəyi ilə təşkil olunub.

Festivalda 30-dan çöx ölkədən məşhur şeflər – Dünya Barbekü
Assosiasiyasının (WBQA) prezidenti Villem Vink (Willem Vink), Dünya
Barbekü Assosiasiyasının baş hakimi Kristofer Sandford (Chirstopher
Sandford), Dünya Aşpazlar Assosiasiyasının (WACS) keçmiş
prezidenti, Səudiyyə Ərəbistanı kralının şəxsi aşpazı Tomas Quqler
(Thomas Gugler), eləcə də dünyanın müxtəlif ölkələrindən tanınmış
şef-aşpazlar, bir çox ölkələrin kulinariya assosiasiyalarının
prezidentləri, “Michelin” mükafatına layiq görülmüş ustalar,
kulinariya hakimləri iştirak edir.

Festivalın açılış mərasimində beynəlxalq kulinariya hakimi
Sahib-David İsrafilov (Don David), Dünya Barbekü Assosiasiyasının
(WBQA) prezidenti Villem Vink, Dünya Aşpazlar Assosiasiyasının
(WACS) vitse-prezidenti Uve Fridrix Herbert Mişel (Uwe Friedrich
Herbert Micheel) festival qonaqlarını salamlayıb, festivalın
məqsədi barədə danışıblar.

Möhtəşəm barbekü təqdimatları ilə yadda qalacaq bu beynəlxalq
tədbirin əsas məqsədinin mədəni mübadiləni gücləndirmək, eləcə də
Azərbaycanın qonaqpərvərliyini, mətbəxini və mədəni dəyərlərini
dünyaya tanıtmaq olduğunu bildirən çıxışçılar ziyarətçilərə xoş
həftəsonu arzulayıblar. Sonra qonaqlar qurulan pavilyonlarda
müxtəlif mədəniyyətlərin mətbəxi ilə tanış olublar və fərqli
təamları dadıblar.




Xüsusi ayrılmış zonalarda Azərbaycanı, həmçinin dünyanın
müxtəlif ölkələrini təmsil edən peşəkar şeflər dünya mətbəxinin
zənginliyini təqdim eidb. Qurulan pavilyonları gəzən qonaqlar
ayrı-ayrı restoran və brendlərin təqdimatları ilə tanış
olublar.

Şef-aşpazlar uşaqlar üçün ustad dərsləri də keçib. Əyləncə
şəklində təşkil edilən həmin ustad dərsləri zamanı mətbəxin
kralları sayılan kulinarlar azyaşlılarla birgə burgerlər
hazırlayıb.

Festival zamanı komandalar arasında yarış da təşkil olunub. Hər
komanda onlara verilən resept üzərində yemək bişirib. Yarışda dad,
bişirmə dərəcəsi və təqdimat forması üzrə fərqlənən komandalar
sertifikatlar, medallar və tərəfdaşlar tərəfindən təqdim edilən
əsas kubok uğrunda mübarizə aparıb.

Gün ərzində festivalın səhnəsində müxtəlif musiqiçilərin ifaları
səslənib. Ziyarətçilər dadlı təqdimatları yerli və xarici
kompozisiyalar fonunda izləyiblər.

Festival oktyabrın 5-də davam edəcək.