III MDB Oyunlarını milli komandamız 6 medalla başa vurdu (FOTO)

Baş səhifə

Bakı. Trend:

1–3 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində III
MDB Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışlar
keçirilib.

Trend xəbər verir
ki, bu mötəbər turnirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan,
Türkiyə, Tacikistan, Rusiya və Belarus olmaqla, ümumilikdə 7
ölkədən 43 gimnast mübarizə aparıb. Yarışlar fərdi, sinxron və
komanda proqramlarında təşkil olunub.

Azərbaycanı qadın gimnastlar arasında Almaniyada dünya rekordunu
yeniləmiş Selcan Mahsudova, eləcə də Şəfiqə Hümbətova və Vəfa
Əlisultanova; kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov,
Maqsud Mahsudov və Mehdi Əliyev təmsil ediblər.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, ölkəmiz 6 proqram
üzrə finala vəsiqə qazanıb: kişilər və qadınların fərdi
proqramında, kişilərin komanda yarışında, kişi və qadın cütlüklərin
sinxron çıxışında, həmçinin qarışıq sinxron proqramda.




Finallarda gimnastlarımız uğurlu nəticələrlə bizi sevindirib.
Belə ki, kişilər arasında komanda hesabında gimnastlarımız gümüş
medal əldə ediblər. Kişilər arasında fərdi proqramda milli
komandamızın üzvü Maqsud Mahsudov qızıl medal, qadınlar arasında
Selcan Mahsudova bürünc medalın sahibi olub.

Qadınlar arasında sinxron proqramda Selcan Mahsudova və Şəfiqə
Hümbətova bürünc, kişilər arasında sinxron proqramda Maqsud
Mahsudov və Hüseyn Abbasov bürünc medal, qarışıq cütlükdə Selcan
Mahsudova və Maqsud Mahsudov gümüş medala layiq görülüblər.

Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid
Qayıbov və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə
Şəfizadə iştirak ediblər.

Üç gün davam edən bu mötəbər yarış gimnastlarımızın ölkəmizə
ümumilikdə 6 medal qazandırması ilə yadda qalıb.